Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, Rusiya hərbi gəmilərinin Kerç boğazında Ukraynaya məxsus hərbi gəmiyə hücum etməsi, ona atəş açması təsadüfi hadisə hesab olunmur. Bu baxımdan Rusiya-Ukrayna münasibətlərində səhnəarxası nə baş verir?
- Birincisi qeyd edim ki, həm qlobal, həm də regional səviyyədə geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Biz hazırda qlobal qarşıdurmanın konkret nəticələrini izləyirik.
İkincisi, konkret səbəblərə gəldikdə bəzi məqamları xatırlatmaq yerinə düşərdi. Unutmayaq ki, Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi məsələsi gündəlikdədir. Artıq İstanbul Patriarxlığının bu haqda prinsipial qərarı var və Ukrayna pravoslavlarının birləşdirici məclisinin keçirilməsi gözlənilir. Bundan sonra Ukrayna Pravoslav Kilsəsinə inzibati idarəçilik müstəqilliyi haqqında fərman veriləcək. Bu isə o deməkdir ki, Ukrayna Rusiyadan birdəfəlik ayrılır və Rusiyanın imperiya ambisiyalarına son verilməsi, imperiya dini və tarixi köklərindən birdəfəlik qoparılması baş verir. Heç şübhəsiz ki, Rusiya imperiyasını bərpa etmək istəyən Putin administrasiyası buna səssiz qalmayacaqdı. Odur ki, siz dediyiniz qarşıdurma gözlənilən idi.
Üçüncüsü, bu xətti tamamlayan başqa bir hadisə baş verdi. Ukrayna konstitusiyasına ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyünün əsas hədəf olduğuna dair müddəa salınır. Bu dəyişikliyi Ali Rada birinci oxunuşda qəbul edib.
Diqqət edirsinizsə, bu hadisə ilə eyni vaxtda Rusiya Hələbin cənubunda müxalifətə zərbələr endirməyə başladı. Hazırda Soçi razılaşmasının şübhə altına alındığı ifadə olunur.
Göründüyü kimi, təkcə Ukraynada deyil, Suriya cəbhəsində də qarşıdurma müşahidə edilir.
Yerli mətbuatın diqqətindən qaçan daha bir məqam da var. Bu da Rusiyanın Talibanla açıq təmasa keçməsi, Talibana dəstəyini açıq nümayiş etdirməsidir. Qeyd edim ki, bu yaxınlarda Moskvada tədbir keçirildi və orada Taliban nümayəndələri də iştirak edirdi. Rusiya xarici işlər naziri Lavrov nümayişkarnə şəkildə Taliban nümayəndələri ilə foto da çəkdirdi. Göründüyü kimi təkcə Qara və Azov dənizi hövzəsində deyil, Yaxın Şərqdə, eləcə də Mərkəzi Asiyada da Rusiya-ABŞ qarşıdurması üzə çıxır. Xüsusilə, nəzərə alınmalıdır ki, Trampın bəyanatında olduğu kimi Vaşinqton 1987-ci ildə SSRİ ilə ABŞ arasına imzalanan Qısa və orta mənzilli raketlərin ləğv edilməsi haqqında sazişdən çıxarsa və Şərqi Avropada silahlanma yarışı yenidən başlayarsa, bu vəziyyət tamamilə başqa müstəviyə keçəcək.
Başqa bir məqam NATO və ABŞ-ın dəstəyi ilə Ukraynanın Azov dənizində hərbi dəniz donanması üçün baza tikməyi planlaşdırmasıdır. Deyilənlərə görə, bu baza perspektivdə NATO-nun bazası olacaq. Bunu deyərkən unutmayaq ki, Rusiya Azov dənizini qapalı elan edib.
Şübhəsiz ki, burada ABŞ və NATO-nun Qara dəniz hövzəsində, xüsusən Ruminiya, Gürcüstan və Ukraynada öz varlığını artırması və gücləndirməsini nəzərə almaq lazımdır.
- Yəni bu amillər obrazlı desək Rusiyanı özündən çıxarır?
- Qənaətimcə, məhz bu amillər Rusiyanın aqressivliyini artırır və o artıq gözlənildiyi kimi sərt hərəkətləri ilə qəti cavab verəcəyini nümayiş etdirir, bir növ ABŞ, NATO və Avropa Birliyini Qara dənizlə, Azov dənizi hövzəsində öz varlığını artırmaqdan çəkindirməyə çalışır.
- Ukraynanın qəfil konstitusiya dəyişikliyinə getməsi təsadüfidirmi?
- Bu ölkə strateji hədəfinin Avropa Birliyi və NATO-ya üzvlük olduğunu ali qanununda təsvir etmək niyyətindədir. Qeyd etdiyim kimi Ali Rada birinci oxunuşdan bu dəyişikliyi qəbul edib. Bu o deməkdir ki, Ukraynada hökumətlər dəyişsə də, bu müddəa konstitusiyada qaldıqca, qoyulan bu məqsəd Ukrayna dövlət siyasətinin əsas hədəfi olacaq.
- Sizə elə gəlmirmi ki, konstitusiya dəyişikliyinin bu mərhələdə ortaya çıxması, prezident Poroşenkonun fəallığı, eləcə də Kerç boğazında baş verən insident həm də Ukrayna daxili siyasəti ilə bağlı proseslərdən qaynaqlanır?
- Təbii ki, bunun Ukraynanın daxili siyasətilə də əlaqəsi var. Yuxarıda əsasən xarici faktorları qeyd etdim, amma daxili səbəblər də var. Rusiya prezidenti Putin bu günlərdə açıq bildirdi ki, Poroşenko bir daha prezident ola bilməyəcək. Bilirik ki, Rusiya dünyada istədiyi ölkənin daxili işlərinə qarışır. Postsovet məkanı haqda isə danışmaq artıqdır. Putin ilk dəfədir ki, açıq şəkildə Poreşenkonun bir daha prezident ola bilməyəcəyini elan edir.
Bu gün Ukraynada hərbi vəziyyət elan edildi. Dünən Poroşenko hərbi kabineti toplayıb, eyni zamanda ölkənin milli təhlükəsizlik və müdafiə şurasının iclası keçirib. Bu iki iclasda mühüm qərarlar qəbul olundu. Məsələn, ali baş komandana tövsiyə olundu ki, ölkə üzrə tam hərbi hazırlıq elan olunsun. Yəni Ukrayna silahlı qüvvələri tam döyüş hazırlığı səviyyəsinə keçirilsin. Artıq bu barədə Ukrayna ali baş komandanı əmr imzalayıb və ölkənin Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu gün isə Ali radanın qapalı toplantısında Ukrayna müdafiə və təhlükəsizlik şurasının tövsiyyəsi ilə ölkədə qismən hərbi vəziyyətin elan olunması haqda qərar çıxarıldı. İndi Ukrayna daxilində bununla bağlı müzakirələr başlayıb. Ölkə daxilində müzakirələr zamanı belə fikirlər səslənir ki, bu addımları atmaqda məqsəd Ukraynada gözlənilən seçkiləri təxirə salmaq, onun vaxtını uzatmaqdır. Halbuki sızan məlumatlara görə, hərbi vəziyyət bütövlükdə ölkə üzrə elan olunmayacaq. Nəzərdə tutulur ki, əsasən Azov sahili vilayətlərdə tətbiq olunsun. Həm ərazi, həm də qanun normaları baxımından hərbi vəziyyətin qismən tətbiqi nəzərdə tutulur. Yəqin ki, prezident seçkilərinin təxirə salınmayacağı və vaxtında keçirildiyi elan olunacaq.
Onu da xatırladım ki, dünən Rusiyanın Ukrayna gəmilərinə hücum edərək ələ keçirdiyi gündə Ukrayna sərhədlərində bir proses başlandı. Avropa nömrəsi olan avtomobil sahibləri Ukraynanın Avropa, xüsusilə Polşa ilə olan 11 sərhəd keçid məntəqəsini blokadaya alıblar. Bu da diqqətəlayiq hadisədir. Yəni göründüyü kimi Ukraynada baş verən hadisələri analiz edərkən xarici amillərlə paralel olaraq daxili faktorlar da nəzərə alınmalıdır. Əslində bu faktorlar bir-birilə bağlıdır və bir-birini tamamlayır.
- Səhər saatlarında Rusiya Kerç boğazını gəmi nəqliyyatının üzünə açdığını elan edib. Bunu Rusiyanın geri addım atması kimi qiymətləndirmək olarmı?
- Yox. Bu geriçəkilmə deyil. Ukrayna baş verən hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyi tələb edib. Eləcə də NATO, Avropa Birliyi, “Böyük Yeddiliyə” müraciət edib. Artıq NATO və Avropa Birliyi öz mövqeyini açıqlayıb. Rusiya isə özünün siyasi-diplomatik mövqeyini gücləndirmək, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini nümayiş etdirmək üçün bu addımı atıb. Rusiya deməyib ki, onun məqsədi Kerç boğazını bağlamaqdır. Əksinə, Rusiya deyir ki, Ukrayna gəmilərinə qarşı belə davranışın səbəbi Ukraynanın özüdür, onlar zamanında sərhəd xidmətinə gəmilərin keçməsi haqda məlumat verməyib. Və bu səbəbdən də Ukrayna gəmiləri qrafiki xəttinə salınmayıb. Guya ki, qanunları Ukrayna pozub. Hansı ki, BMT-nin dəniz hüququ haqqında konvensiyası, habelə Azov dənizinin istifadəsi haqqında Ukrayna ilə Rusiya arasında bağlanan müqaviləyə əsasən təhlükəsizliyin təmin olunması şərti ilə Ukrayna tərəfinin dəniz gəmiçiliyində sərbəst hərəkət etmək hüququ var.
- Ukrayna ilə Rusiya arasında müşahidə edilən hərbi-siyasi qarşıdurmanın indiki mərhələsindən sonra gözləntilər nədən ibarətdir, hərbi silahlı qarşıdurma baş verə bilərmi?
- Fikrimcə, biz idarə olunan gərginliyin artmasını müşahidə edəcəyik. Çünki hər iki tərəf bilir ki, bu qarşıdurma öz-özlüyündə böyük risk potensialı daşıyır. Əgər yenidən münaqişə aovlansa və Ukrayna böhranı hərbi fazaya keçsə, artıq hərbi qarşıdurma əvvəlki səviyyədə olacaq. Çünki Ukrayna ordusunun döyüş hazırlığı və qabiliyyəti, silah sistemləri müasirləşdirilib. Düzdür, modernləşmə 2020-ci ildə başa çatmalıdır. Amma Ukraynaya ABŞ və qərb müttəfiqləri tərəfindən öldürücü silahların verilməsinə artıq başlanılıb.
Təbii ki, Ukrayna tərəfi burada özünün müttəfiqi olan ABŞ, NATO və Avropa Birliyi ilə məsləhətləşmələr aparacaq. Onlar da, hələlik qarşıdurmanın vaxtının çatmadığını nəzərə alaraq Ukraynanı səbirli və təmkinli olmağa dəvət edəcəklər. Eyni zamanda yaranan fürsətdən istifadə edərək ola bilsin ki, Ukrayna ilə münasibətlərin daha sıxlaşdırılması, bu ölkəyə yeni silahların verilməsi istiqamətində addımlar atılacaq. Ancaq bütün bunlarla yanaşı mən gərginliyin artacağını düşünürəm. Bunun da səbəbləri dərindir. Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlük istiqamətində, habelə Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinin elan olunmasından geri durmayacaq. Bu səbəblər Putinin əsas strateji planlarının üzərindən xətt çəkdiyinə görə, Rusiya da buna cavab vermək zorunda qalacaq. Amma yaxın perspektivdə tərəflərin qarşıdurmaya getməkdən çəkinəcəyini düşünürəm. Bu idarəçilik və nəzarətin hansım ana qədər davam edəcəyini isə proqnoz etmək çətindir.