Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ravvin Abraham Kuper Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.
Nazir E.Məmmədyarov Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyini bildirərək tarixən müxtəlif dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda tolerantlıq və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Məhz bundan irəli gələrəkölkəmizin sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Öz növbəsində Ravvin Abraham Kuper multikulturalizm sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını qeyd edərək, ölkəmizdə dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörməti yüksək qiymətləndirdiyini bildirib. Tərəflər Azərbaycanın bütün dünyaya dözümlülük, tolerantlıq və multikulturalizm modeli kimi nümunə olduğunu qeyd ediblər.
Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.