Teleqraf.com Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edir:
- Zəlimxan bəy, Gürcüstanda keçirilən prezident seçkilərinin II turunda səsvermə prosesi haqqında sizdə hansı informasiyalar var?
- Mən informasiyaları media, sosial şəbəkələr və eyni zamanda ayrı-ayrı yerlərdən alıram. Müxtəlif saxtalaşdırma cəhdləri var, seçki günü təbliğat hallarına rast gəlinib, ayrı-ayrı maraqlı şəxslər hakimiyyət namizədinə səs verilməsi üçün “canfəşanlıq” edir, karusel əməliyyatı barədə faktlar qeydə alınıb. Saxtalaşdırma meylləri çoxdur, amma ümumi götürdükdə, seçki aktivliyi gözlənildiyi qədərdir. Yəni I turdan daha yüksək səviyyədədir.
- Müşahidələriniz seçkinin nəticələri baxımından sizə nə deyir?
- Nəticələr haqqında birinci tura istinadən danışmaq olar. Mən Varşava və ABŞ seçki texnologiyası institutlarını keçən mütəxəssis kimi deyə bilərəm ki, əgər birinci turda səslər bərabər olubsa, II turda müxalifət namizədinin səsləri daha çox olmalıdır. Çünki I turda 10, 6, 4 və 2 faiz səs toplayan digər namizədlər II turda səslərini Qriqol Vaşadzeyə verəcəklərini elan ediblər. Bu baxımdan həm təməl, həm də sonrakı mərhələdə seçicilərinin sayının artması şansı müxalifət namizədin qalibgəlmə zərurətini ortaya qoyur. İndiki hakimiyyət namizədinin qələbə qazanması üçün diqqət çəkən və şok yaradacaq platforma ortaya qoyulmayıb. Bu səbəbdən də hakimiyyət namizədinin səslərini artıracaq əlavə istinad nöqtəsi yoxdur.
Sadəcə, hakimiyyətin resursları ciddi olaraq səfərbər edilib. Bu resurslar isə saxtakarlıq üzərindəki metodlara istinad edir. Artıq müxalifət bəyanatlar verirlər, seçki müşahidə sistemi genişdir, saxtakarlığa qarşı mübarizə var. Mənim qənaətimcə, II turda müxalifətin namizədi ortalama 60 faiz səslə qalib gəlməlidir.
- Müxalifət qalib gəlməsə, nə olacaq?
- Mən müxalifətin mərkəzindən, seçki qərargahından aldığım informasiyaları dedim. Müxalif qrupun lideri Mixail Saakaşvilinin dünənki bəyanatı da göz önündədir. İddialar var ki, seçki saxtalaşdırma faktları sübut olunarsa, 100-150 minlik dayanıqlı mitinq keçirilə bilər. Yəni saxtakarlıqla barışmamaq iradəsi var. Fikrimcə, bu realdır.
Müxalifətin əsas qüvvələri Qriqol Vaşadzenin namizədliyi ətrafında birləşib. İkincisi, seçkilər dünyanın diqqət mərkəzindədir. Üçüncü və ən ciddi məsələ rusofillərin daha çox İvanişvili xəttinə ciddi dəstək verməsidir. Yəni Kremlin proyekti hakimiyyətin dəstəklədiyi namizəddir.
Bu baxımdan Gürcüstanın siyasi oriyentasiyasını dəyişmək cəhdləri varsa, seçici bununla barışmayacaq. Gürcü seçicisi fəaldır, baş verənlərin fərqindədir, demokratik dəyərlərin daha üstün olduğunu anlayır və ümid etdikləri İvanişvili xətti iflas etməklə yanaşı, onları da iflasa aparır və oriyentasiyanı dəyişir.
Ən ciddi məsələ Gürcüstan dövlətçiliyinin qorunması, demokratik dünyaya inteqrasiyasıdır. Bu mənada saxtalaşdırma olacaqsa, məncə, daha radikal vəziyyət, hətta inqilabi situasiya yarana bilər.
- Gürcüstan parlamentli respublikadır, əsas səlahiyyət hökumətin əlindədir və prezidentlik postu simvolik məna daşıyır. Bu mənada müxalifət prezident seçkilərini udmaqla nəyə nail ola bilər?
- Müxalifətin qalib gəlməsi ilə hakimiyyətin dinc və demokratik yolla dəyişməsi möhürlənir və Gürcüstanın siyasi sisteminə daxil olur. Bu çox önəmli məsələdir.
İkincisi, müxalifətin saxtalaşdırma imkanı yoxdur və bu qüvvə səfərbər olub saxtalaşdırmanın qarşısını almağa çalışır.
Üçüncüsü, siyasi sistemin özündə müşahidə olunan durğunluq halının aradan qalxmasına, seçicilərdə nəhayətdə siyasi proseslərdə motivasiyasının artmasına gətirib çıxaracaq. Eyni zamanda parlamentli respublikaya uyğunlaşma prosesi gedəcək. Necə? Məncə, yeni seçilən prezidentin arxasında müxalifətin vahid gücü olacaq.
O cümlədən böyük islahatçı Saakaşvili olduğu halda dinamika növbədənkənar parlament seçkilərinin təyin olunmasına qədər gedə bilər.
Çünki parlament seçkilərinin də ciddi saxtakarlıqla keçirilməsi haqda iddialar var. Məsələn, bizim gördüyümüz bəzi dairələrdə total saxtakarlıq hesabına halal mandat sahibləri kənarda saxlanıldı. Bunlar Saakaşvilinin həyat yoldaşı, Əhməd İmanquliyev və digərləri idi.
Odur ki, növbədənkənar parlament seçkiləri və nəhayət hökumətin dayanıqlı formalaşması prosesi baş verə bilər. Hər halda prezidentlik postunun müxalifətin əlinə keçməsi siyasi dinamikanı artıracaq.