“Rusiya hərbçilərinin Azov dənizində Ukrayna gəmilərinə atəş açması və gəmiləri saxlaması, əvvəlcədən də gərgin olan münasibətləri müharibə həddinə çatdırıb”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Politoloq xatırladıb ki, 2003-cü ildə Ukrayna və Rusiya arasında Azov dənizindən birgə istifadə ilə bağlı müqavilə imzalanıb:
“Lakin Rusiya Krımı ilhaq etdikdən sonra bu müqavilə demək olar ki, qüvvədən düşdü. Çünki Rusiya Krımı öz ərazisi, Azov dənizini isə özünün daxili suları hesab edir. Rusiya Ukraynanın həm təhlükəsizliyini, həm də iqtisadiyyatını zərbə altında saxlayır.
Beynəlxalq ictimaiyyət isə Krımı və Azov dənizinin müəyyən hissəsini Ukraynanın ərazisi, Rusiyanı isə aqressor kimi qəbul edir.
Digər yandan da, Almaniya Kansleri Angela Merkel yaxın 5 il ərzində Ukraynanın Avropa İttifaqına üzv olacağını açıqlayıb.
Yəni, həm ABŞ, həm də Avropa İttifaqı Rusiyaya qarşı Ukraynaya tam dəstək nümayiş etdirir”.
R.Məmmədovanın sözlərinə görə, Ukrayna ilə qarşıdurma Rusiyaya yaxşı heç nə vəd etmir, onun işğalçı imicini daha da sərtləşdirir:
“Bu da Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər. ABŞ-ın növbəti addımda Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi mümkündür. Bu çərçivədə ticarət və iqtisadi sektorlarının növbəti dəfə hədəfə alınması, Rusiyaya baha başa gələ bilər.
ABŞ Prezidenti Donald Trampın Tvitter hesabında “G20”-nin Argentinada keçiriləcək sammitində Vladimir Putinlə görüşdən imtina edəcəyi ilə bağlı verdiyi anons da, bundan xəbər verir. Bu, Rusiyanın beynəlxalq ictimaiyyət qarşısındakı imicinə bir qədər də mənfi təsir edir.
Digər yandan, bu vəziyyətin Ukrayna və Rusiya prezidentlərinin xeyrinə işləməsi də mümkündür. Gərginlikdən istifadə edən prezidentlər ölkələrinin potensial seçici kütlələrini öz ətraflarında toplaya, yəni, yaranmış müharibə riskindən özlərinə siyasi fayda təmin etmək üçün istifadə edə bilərlər”.