Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
- Zərdüşt bəy, qonşu Gürcüstanda keçirilən seçkilər Azərbaycanda maraqla izlənilirdi və əksəriyyət düşünürdü ki, Milli Hərəkat Partiyası qalib gələcək, beləcə Sakaaşvili növbəti dəfə Gürcüstanın sükanını ələ alacaq. Seçkilərlə bağlı sizin dəyərləndirməniz nədən ibarətdir?
- Digər postsovet ölkələri ilə müqayisədə Gürcüstanda daha demokratik seçkilər keçdi. Amma Avropa ölkələri ilə müqayisədə antidemokratik seçki oldu. Çünki demokratik və mədəni ölkələrdə eyib sayılardı ki, birinci turdan sonra qələbəsinə böyük şübhə olan namizədi dəstəkləyən hökumət banklara borcu olan vətəndaşların borclarının seçkidən sonra bağışlanacağını elan etsin.
Bunun açıq adı rüşvətdir. Əgər Ermənistanda bu ələalma 20-30 dollar səviyyəsində baş verəcəksə, Gürcüstanda bu, hədsiz borcların silinməsi formasında oldu. İndi gürcü hökuməti bu borcların silinməsini həyata keçirib-keçirməyəcəyi haqda bir söz demək olmaz. Məncə, keçirməyəcək. Bizdina İvanişvili dəli deyil ki, 600 milyon dollardan çox pul xərcləsin. Ancaq reallıq budur ki, hakimiyyətin bu vədinə inanan gürcü seçicisi gəlib Salome Zurabişvilyə səs verdi.
İkincisi, hesab edirəm ki, gürcü müxalifəti birinci turla ikinci turun keçiriləcəyi mərhələdə ciddi səhv buraxdı. Bu da onunla əlaqəli idi ki, Mixalifət Sakaaşvili amilini şişirtməyə başladı, onun Qriqol Vaşadzeyə rəğbətinin olduğu elan edildi. Bu da, imkan verdi ki, Vaşadzenin rəqibləri meydanlara çıxaraq “Sakaaşvili faşizminin qayıtmasını istəmirik” şüarları səsləndirsin.
Təbii ki, dərhal arxivlərdən Sakaaşvili zamanında insan hüquqlarının pozulması, insanların öldürülməsi və döyülməsinə dair faktlar çıxarıldı. Sözsüz ki, inzibati amildən istifadə, büdcə təşkilatında çalışanların üzərində nəzarətin gücləndirilməsi amili də rol oynadı. Nəzərə almaq lazımdır ki, həyatı əmək haqqı almaqdan asılı olan insanların cəsarət həddi aşağı səviyyədə olur. Beləliklə də, Salome Zurabişvili baxmayaraq ki, I turda 38 faiz səs toplamışdı, II turda 55 faizdən çox səslə qalib gəldi. Əslində burada böyük faciə yoxdur.
- Nə mənada faciə yoxdur?
- Bəzən rus amilindən bəhs olunur. Onsuz da rus ordusu Gürcüstanda oturub, Abxaziya və Osetiyanı işğal edib. Ayda bir dəfə sərhəd dirəklərini 1metr irəli çəkərək təxribat törədir, onsuz da gürcü iqtisadiyyatının böyük sahələri rus biznesinin nəzarətindədir. Və gürcü cəmiyyətində rus təcavüzünə müqavimət ruhu da yoxdur. Nəhayət başa düşdülər ki, Qərbə bəslənən ümidlər xam xəyallardır və Gürcüstana görə, Qərb Rusiya ilə müharibə etməyəcək. Həm də anladılar ki, Gürcüstan rəhbərləri münaqişə zamanı ciddi səhvlər buraxıblar. Odur ki, öz taleləri ilə barışaraq dolanışıqla məşğuldur. Bu dolanışıq çərçivəsində isə Qərb vektoru daha güclüdür.
İndiki hakimiyyət deyir ki, bizim yolumuz Avropa və NATO-yadır. Təbii ki, bu da xam xəyaldır. Nə NATO, nə də Avropa Birliyi Gürcüstanı üzvlüyə qəbul etmək haqqında düşünmür. Mən, nə isterikaya düşərək həyəcanlanıb başımda olmayan tükləri yoluram, nə də sevinərəm ki, Gürcüstanda sabitlik qalib gəldi.
Hər halda xalqa imkan verdilər ki, əhali fikrini desin. Əhalinin 45 faizi də fərqli fikrini ifadə etdi.
İndi Ermənistanda demokratik seçkilərin keçiriləcəyinə dair eyforiya var. Ancaq Ermənistanın 1 və ya 2 il sonrakı gələcəyinə baxarıq. Qarabağ qəfəsində oturub demokratik inkişaf yolu keçmək mümkün deyil.
- Gürcü müxalifətinin imkanlarını necə qiymətləndirirsiniz, sabiq prezident Sakaaşvili dünən gecə xalqı itaətsizliyə səslədi?
- Gürcüstanda xalq Sakaaşvilinin çağırışına səs verməyəcək. Camaat gördü ki, Sakaaşvili dövründən ciddi şəkildə fərqlənməyən seçki keçdi. Nəyə görə, etiraz etsin? Məncə, geniş etirazlar olmayacaq. Mümkündür ki, vəzifə və imtiyaz aşiqi olan şəxslər çıxıb etiraz etsin, amma onları da dağıdacaqlar. Səslər təxminən 45-in 55 fərqi ilə bölünüb. Demokratiya budur.
- Ancaq müxalifət iddia edir ki, saxtakarlıq olub...
- Saxtakarlıq olub. Amma saxtakarlıq dünya demokratiyasının beşiyi ABŞ-da da olur. Hillari Klinton Donald Trampdan 3 milyon çox səs almışdı, amma prezident Tramp oldu. Çünki ABŞ seçki sisteminə görə, sadə seçici səsi deyil, ştatlardan səs verənlərin sayı hesablanır. Və ya Corc Buşun rəqibi ondan 100 min çox səs toplamışdı, amma Buş prezident oldu.
Demokratiyanı kamilliyin mütləq nümunəsi kimi təqdim etmək lazım deyil. Demokratiyada hər bir fərdin səsi var. Təsəvvür edin ki, bir, on, yüz və min cahil ölkəsinə bir ağıllı adamdan çox töhvə verə bilməz. Amma bir nəfər azlıqdır. O, nə desə də, min cahil fırıldaqçının arxasınca gedir və buna deyirlər demokratiya. Bəşər tarixində heyvərələrin say etibarı ilə müdriklərə qalib gəlməsi və vətəni fəlakətə sürükləməsi halları çox olub.
- Siz, demək istəyirsiniz ki, artıq gürcü xalqı Sakaaşvilini istəmir?
- Sakaaşvili mürəkkəb və təzadlı şəxsdir. Onun gürcü xalqı və dövləti üçün xeyli mütərəqqi töhvələri olub. Amma onun ağıllı insanın qəbul edə bilməyəcəyi xətaları da var. Onun müsbət hərəkətlərindən biri sosial korrupsiyanı ləğv edə bilməsi oldu. Bu danılmaz xidmətdir. Büdcəni 3 dəfə artırdı, əmək haqları qalxdı. Bizim soydaşlarımızın yaşadığı Borçalı regionu niyə gedib ona səs verirdi? Çünki soydaşlarımız Kamusaxurdiya zamanı təzyiqlərə məruz qalırdı, Şvardnadze vaxtında soydaşlarımızı sayan yox idi. Ancaq Sakaaşvli vaxtında onlara vətəndaş kimi münasibət bəslənildi. Çünki qanun var idi. Qanun aşağı səviyyədə olsa da, işlək oldu. Bunlar müsbət hadisələr idi. Amma onun vaxtında fərqli düşünənlər xeyli təzyiqlə üzləşdi.
Məsələn, vətəndaş cəmiyyətini dəhşətli şəkildə sıxdı, baxmayaraq ki, onun dəstəyi ilə gəlmişdi. Eləcə də müxalifətə qarşı zor işlətdi, seçkilərdə saxtakarlıq oldu, güc strukturlarına həddən artıq səlahiyyət verdi. Bir çox biznesmenləri məcbur etdilər ki, Vahid Milli Hərəkata pullar keçirsin. Beləcə, çoxlu sayda bağça və məktəblər tikdilər. Xüsusilə, ən böyük səhvi Rusiyanın təxribatına uyaraq Abxaziyada rusların üzərinə getməsi oldu. Üstəlik amerikalılara aldandı. Bununla da Gürcüstan Abxaziya və Cənubi Osetiyanı rəsmən itirdi.
Xalq Sakaaşvilinin yaxşı əməlləri ilə birlikdə səhv hərəkətlərini də bilir. Məhz bu səbəbdən də seçkinin II turuna qədər ki, mərhələdə Sakaaşvili amilinin önə çıxarılması hakimiyyətə imkan verdi ki, xalqı qorxutsun. Siz təsəvvür edin ki, “Sakaaşvili faşizmi Gürcüstana qayıtmasın” deyən insanlar arasında SSRİ zamanı sovet həbsxanalarında yatan görkəmli insan hüquq müdafiəçisi Nona Kakabadze də var. O, demokratdır, ləyaqətlidir və gürcü cəmiyyətində hörməti olan insandır. Əgər, o küçələrə çıxıb belə şüar səsləndirir və mitinqlər aparırsa, deməli, hansısa əsasları var. Belə insanlar istəmir ki, Sakaaşvili qayıtsın. Bir daha qeyd edirəm ki, Sakaaşvlinin xidmətləri ilə yanaşı, günahları da çox olub. Üstəlik, onun partiyasında parçalanma müəyyən rol oynadı.
Müxalifətin hamısı da Sakaaşvilinin tərəfdarı deyil. Hər halda seçki göstərir ki, gürcülər Sakaaşvili naminə onun partiyası ətrafında birləşməyə hazır deyil. Əlbəttə, “Gürcü Arzusu” da müqəddəs deyil. Onlar tədricən korrupsiyanı qaytarır, inhisarlaşma gedir və s. Yuxarı səviyyədə korrupsiya Sakaaşvili dönəmində də var idi, indi də var. Sadəcə Sakaaşvili zamanı korrupsiya aşağılara sirayət etmirdi, amma indi edir.
- Zərdüşt bəy, seçkidən əvvəl dediyiniz kimi, “Gürcü Arzusu” insanların banklara olan kredit borclarını siləcəyini elan etdi. Əgər bu vədə əməl olunmasa, necə olacaq?
- Əvvəla, kreditləri bağışlayacaqlarına dair söz veriblər. Ancaq söz verməklə, bağışlamaq arasında fərq ciddidir. Bu vədin üzərində durmasalar, xalq banklara olan borcunu verməli olacaq.
- Xalqla belə davranış 2020-ci il parlament seçkilərində hakim partiya üçün problem yaratmaz?
- Əgər verilən vəd yerinə yetirilməsə, bunun nəticəsi yaxşı olmayacaq. Sadəcə olaraq, mən fırıldaqçı siyasətçiləri tanıdığım üçün düşünürəm ki, onlar bu mövzuda geniş müzakirə açacaq. Bu zaman ən məzlumların kreditləri bağışlanacaq və bunun ciddi təbliğatı aparılacaq. Sonrada qeyd edəcəklər ki, filankəslər kreditlə özünə avtomobil alıb, niyə onun krediti bağışlanmalıdır, zəhmət çəkib avtobusdan istifadə etsin. Və ya kredit alıb özünə bahalı telefon almısansa, buyur qaytar. Yəni düşünmürəm ki, borcların hamısı silinsin. Bu da sözsüz ki, növbəti seçkilərdə müxalifətin əlinə oynayacaq.