6 Dekabr 2018 21:27
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində 6 dekabr tarixində ATƏT-in Baş katibi Tomas Qreminqerlə görüş keçirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib. T.Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran Nazir Məmmədyarov Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub. Nazir Elmar Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər