12 Dekabr 2018 08:25
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransada baş verənlər çox ciddi hadisələrdir. Bəziləri bunu hətta, inqilaba yaxın bir proses kimi qiymətləndirir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, baş verənlər Emmanuel Makronun daxili siyasətinin ən ciddi uğursuzluğudur:
“Makronun vahid Avropa ordusunun yaradılmasına dair bir neçə Avropa ölkəsi ilə razılığa gəlməsi də ölkədə baş verən hadisələrə təsir edən amillərdən idi. Çünki bu, əslində NATO-nun zəiflədilməsinə, Avropa ilə Amerika arasında gərginlik yaradılmasına xidmət edən ideyadır. Bu ideyanı ortaya qoyan və onun həyata keçirilməsini israrla tələb edən də Makron idi. Nəticə etibarilə əhali bu hadisələri çox pis qarşıladı. İş o yerə gəlib çatdı ki, ABŞ Prezidenti Donald Tramp da proseslərə müdaxilə etdi. Bir sözlə, ABŞ-Fransa münasibətləri də xeyli gərginləşdi. Ümumiyyətlə, Fransa hökuməti ilk vaxtlar bu hadisələrə düzgün siyasi qiymət verə bilmədi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da məsələlərə münasibət bildirməsindən bəhs edən Q.Hüseynli deyib:
“Ərdoğan bildirdi ki, başqa vaxt Türkiyə polisi tənqid edilir. Amma Fransa polisi insanlarla daha qəddar və amansızcasına davranır. Hətta onlara xəsarət yetirir. Zənnimcə, bu fikir də əsaslıdır”.

Politoloq qeyd edib ki, E.Makron hakimiyyətə ilk gəldiyi dövrlərdə liberal baxışlı, Azərbaycana münasibətdə də dostyana münasibət bəslədiyini nümayiş etdirən bir şəxs kimi özünü göstərirdi:
“Amma sonradan onun iç üzü açıldı və Ermənistana yönəlik kəskin dönüş etdi. Məsələn, Ermənistanın fransızdilli ölkə olmamasına rəğmən İrəvanda Frankofoniya sammiti keçirildi ki, bu da böyük təəccüb doğurdu. Makron İrəvana gəldi, balansı gözləmək üçün Bakıya da gəlməli idi, ancaq bu, baş vermədi. Onun söz verməsinə rəğmən Bakıya gəlməməsi siyasətçi üçün bağışlanılmaz bir hal idi. Azərbaycan da hazırkı Fransa hakimiyyətinin, o cümlədən Makronun özünün Bakı ilə Paris arasında imzalanmış bəzi müqavilələrin həyata keçirilməsini müvəqqəti olaraq dayandırdı. Azərbaycanı buna təhrik edən hərəkətlərdən biri də Frankofoniya sammitindən sonra Fransanın bir sıra iri bələdiyyələrinin qondarma DQR-ə qanunsuz səfəri, orada “bələdiyyələr”lə müqavilələr imzalamaları oldu. Bu, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə idi. Bu nöqteyi-nəzərdən Fransa Dağlıq Qarabağ məsələsində bir daha kimin tərəfində olduğunu əyani şəkildə ortaya qoydu. Makron hökuməti özünə bəraət qazandıraraq bələdiyyələrin müstəqil olduğunu söyləsə də, bu, Azərbaycan tərəfindən tutarlı fakt kimi qəbul edilmədi və lazımi qiymət verildi”.

Politoloq onu da bildirib ki, hazırda Azərbaycan-Fransa münasibətlərində soyuq küləklər əsməsinin səbəbi Parisin qeyri-obyektiv, ermənipərəst siyasəti ilə qırılmaz surətdə bağlıdır.


Müəllif: Səxavət Həmid