13 Dekabr 2018 14:42
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir: “Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.

İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər