13 Dekabr 2018 14:47
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub: “İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur.

Dünən Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olmuşdur. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur. NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər