14 Dekabr 2018 13:25
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda keçirilmiş parlament seçkilərində qalib gələn “Mənim Addımım” blokunun rəhbəri Nikol Paşinyanı təbrik etməməsi, Paşinyanın fəaliyyətindən razı qalmadığının aşkar göstəricisidir. Necə ola bilər ki, Putin keçmiş prezident Robert Köçəryanı ad günündə şəxsən zəng edib təbrik etdi, amma bu ölkədə ali rəsmi vəzifəyə seçilmiş Paşinyanı təbrik etmədi?”

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Ekspert hesab edir ki, belə bir təbrik ilk növbədə iki ölkə arasında hələ də de-yure mövcud olan müttəfiqlik münasibəti, habelə diplomatik nəzakət qaydaları tələb edir:

“Deməli, bununla Putin Paşinyana olan mənfi münasibətini ortaya qoymaqla yanaşı, həm də Rusiyanın dövlət başçısı kimi Ermənistanın baş nazirinə etimad göstərmədiyini, rəğbət bəsləmədiyini göstərmiş oldu. Halbuki, Paşinyan bu ilin may ayının 8-də birinci dəfə baş nazir seçilərkən Putin ona təbrik teleqramı göndərmişdi, eləcə də Medvedev…

Lakin bu gün Ermənistan baş naziri Rusiya dövlət başçısından təbrik almadı.

Putinlə yanaşı, Paşinyanı Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri də təbrik etməyib. Bu, Paşnyanın KTMT və Avrasiya Birliyində diskreditasiya edilməsinin davamıdır. Bu, eyni zamanda, Paşinyanın və onun siyasətinin Rusiya ilə birgə onun müttəfiqləri tərəfindən də qəbul edilmədiyini göstərir”.

Nəzakət Məmmədova hesab edir ki, Nikol Paşinyan bir dövlət başçısı kimi Rusiya prezidentinin sevmədiyi şəxslərin sırasına daxildir:

“Deyilənə görə, Putinin hörmətlə yanaşmadığı şəxsləri, o cümlədən dövlət və hökumət başçılarını gözlətmək, görüşə vaxtından gec gəlmək xüsusiyyəti var. Bu, diplomatik etikada həm də qarşı tərəfə saymazlıq deməkdir. Eynilə, təbrik teleqramı göndərilməməsi də, yaxud gecikdirilməsi də saymazlığın nümayişi deməkdir.

Putin bundan sonra təbrik teleqramı göndərsə belə, bu saymazlığın, hörmətsizliyin aradan qaldırılması olmayacaq. Həm də, teleqramın göndərilməsi Paşinyanın Rusiyaya etdiyi bütün hərəkətlərin - Köçəryanın həbsi, Xaçaturovun ev dustaqlığı, Respublikaçı Partiyasının parlamentdən uzaqlaşdırılması, ümumiyyətlə, Paşinyan hakimiyyətinin legitimliyini tanımaq deməkdir.

Təbii ki, ABŞ-a, NATO-ya, dünyaya meydan oxuyan Putin kimi bir lider Paşinyana təbrik göndərib bununla onun Rusiyaya qarşı etdiklərinə legitimlik qazandırıb, baş verənləri görməzlikdən gələ bilməz. Odur ki, təbrikin indiyədək gecikməsi Rusiya-Ermənistan münasibətlərinin qarşıda necə olacağına işıq tutmaqla yanaşı, Putinin Paşinyanı legitim lider kimi qəbul edib onunla əməkdaşlıq etmək istəmədiyini göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər