"Azərbaycan Qara dəniz regionunun gələcək rifahına qətiyyətlə inanır və bu gələcəyin yalnız yaxşı qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurulmasından heç bir şübhəsi yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-də Bakıda keçirilən QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında, ən böyük maneələr həll olunmamış münaqişələrdir: "Azərbaycan və Ermənistan üçün bu Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyildir və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək.
Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır.
Hələ də davam edən işğalçılıq və özünü təcrid siyasəti Ermənistanı həmçinin regionda iqtisadi artım və ticarət potensialından məhrum edir. Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir.
Biz ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda, gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq".