14 Dekabr 2018 16:45
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya media nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirilmiş təkliflər haqqında danışıb.

Teleqraf.com “Belta”ya istinadla xəbər verir ki, Aleksandr Lukaşenko təklifin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarından birində səsləndirdiyini söyləyib.

Onun sözlərinə görə, həmin vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi. Belarus prezidenti qeyd edib ki, o, Ermənistan və Azərbaycan liderlərini Qarabağ probleminiт güzəştli variantda həllinə razılıq verməyə çağırıb: “Belarus və Rusiya vahid mövqe tutdu, zəruri olduqda müəyyən zəmanətin təminatı üçün hərbi kontingentin yeridilməsinə söz verdi”.

Aleksandr Lukaşenko həmçinin Serj Sərkisyanla aparılan söhbətin detallarını açıqlayıb: “Sonra açıq şəkildə dedim, qulaq as, azərbaycanlıların dediyi kimi, 7 rayonu işğal etmişiniz, Serj, 5 rayonu geri qaytar. Onları qaytarmamaq üçün hansı səbəb ola bilər, onlar boş qalıb? O dedi ki, əgər mən qaytaracağamsa, onlar orada yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, bu, baş verərsə, biz öz qoşunlarımızı daxil edib, imkan vermərik. O söylədi ki, biz buna getməyəcəyik, istəmirik”.

Aleksandr Lukaşenko deyib ki, bu, cavabdan təəccüblənib: “Niyə istəmirlər? Axı, 5 rayon boşdur. Bu, ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində təmsil olunardı. Niyə siz imtina etdiniz? Yaxşı, Belarus və Rusiya təminat verdi ki, əgər bu rayonlar azad edilsə, heç vaxt orada müharibə olmayacaq. Siz özünüz də etiraf edirsiniz ki, o rayonlar Azərbaycanındır”.

Belarus prezidenti xarici investisiyaların cəlb edilməsi üçün münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər