18 Dekabr 2018 09:10
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyana yaxın mediada (bu mediaya başqa təsnifatda amerikanpərəst media da demək olar) son vaxtlar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləs Təşkilatı və şəxsən Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putinə qarşı yazıların sayı artıb. Xüsusilə bu istiqamətdə “1in.am” və “Lragir.am” saytları canfəşanlıq edirlər.

Bəs bu yazıların sayının artması nə ilə bağlıdır? Ermənistanın KTMT, həmçinin tərəfdaşı olduğu bu iki ölkə ilə münasibətləri haradək pisləşə bilər?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri, politoloq Elşad Mirbəşiroğlu bildirib ki, həqiqətən də son vaxtlar Ermənistanda bu istiqamətdə intensivlik müşahidə olunur:

“Bunun səbəbi hər şeydən öncə ondan ibarətdir ki, Paşinyan müstəqil siyasətçi deyil. Onun hakimiyyətə gəlməsini dəstəkləyən dairələr mövcuddur. O, Qərbdən ciddi dəstək alaraq hakimiyyətə gəlib. Təbii ki, onun hakimiyyətə gətirilməsi müqabilində atacağı addımlar var. Bu addımlar da ondan ibarətdir ki, Ermənistan Rusiyanın asılılığından qurtulsun, Rusiyanın orbitindən tam çıxsın. Yəni, Paşinyanın hakimiyyətə gətirilməsi müqabilində qarşısına qoyulan başlıca şərt bundan ibarətdir. Paşinyanın başqa cür davranmaq imkanı yoxdur. Paşinyanın Rusiya və KTMT-nin üzvü olan ölkələrə ən böyük hörmətsizliyi o oldu ku, KTMT-nin baş katibi Yuri Xaçaturov barədə cinayət işi açdırdı. Xaçaturov cinayətkar ola bilər. Amma KTMT-yə üzv ölkələrin rəhbərləri ilə bu istiqamətdə hər hansı məsləhtləşmə aparmadan onun haqqında cinayət işi açılması və sonradan geri çağrılması hər şeydən öncə Rusiyaya münasibətdə Paşinyanın açıq-aşkar aqressiv davranışı idi”.

E.Mirbəşiroğlu qeyd edib ki, həm Belarus, həm də Qazaxıstan rəhbərləri haqqında Ermənistan mətbuatında çox kəskin yazılar getməkdə, təhqiramiz ifadələr işlənməkdədir:

“Ermənistanı hiddətləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, Belarus KTMT-nin üzvü olaraq Azərbaycanla çox geniş hərbi-texniki əməkdaşlıq edir. Bu ondan xəbər verir ki, Azərbaycanın KTMT daxilində də kifayət qədər nüfuzu və ciddi mövqeləri mövcudur. Bu da Ermənistanı narahat etməyə bilməz”.


Müəllif: Səxavət Həmid