“Əsas məsələ də budur ki, Paşinyana öz yerini göstərməyə çalışırlar. Ona gələcəkdə hansısa siyasi addım atanda təkcə özlərinin deyil, regional və qlobal oyunçuların da maraqlarını nəzərə almağı təklif edirlər. Burada başqa bir məqsədin olduğu inandırıcı görünmür”.
Politoloq Arzu Nağıyev belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi ki, Moskva və İrəvan arasında Rusiyadan başqa digər bir ölkənin qoşunlarının Ermənistanda yerləşdirilməsini qadağan edən sənəd imzalanmalıdır. Kreml İrəvana belə bir sənədi niyə imzalatmaq istəyir və Ermənistanın buna cavabı nə olacaq?
- Burada söhbət ABŞ və digər Qərb ölkələrinin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalından gedir. Rusiya da bu ehtimalın qarşısına keçmək istəyir. Əlbəttə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan bir dövlət ikinci bir ölkənin hərbi bazasının öz ərazilərində yerləşdirilməsinə görə məsuliyyət daşımalıdır. Qənaətimə görə, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı addımlara paralel olaraq, Qərbin hərbi kontingentinin Ermənistanda yerləşdirilməsinə nail ola bilər.
Rusiyanı da narahat edən əsas ehtimal budur ki, Qərbin hərbi qoşunları Ermənistanda yerləşdiriləcək. Düşünürəm ki, belə bir sənədin imzalanması məsələsini gündəmə gətirən əsas amil budur.
- Belarus Prezidenti Aleksandr Lukaşenko iddia etdi ki, vaxtilə Ermənistanın keçmiş başçısı Serj Sərkisyanla söhbətində Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılması barədə danışıb. Sizcə, Lukaşenko bu söhbəti təsadüfən açdı?
- Düşünürəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin rəhbərlərinin apardığı siyasət sanki, Nikol Paşinyanı cavabdehliyə dəvət etməkdən ibarətdir. Yəni, ona başa salmaq istəyirlər ki, “Siz KTMT-nin üzvü olaraq, həmin təşkilata üzv dövlətlərin rəhbərlərinin təkliflərindən imtina edirsinizsə, bundan Azərbaycan da daxil olmaqla ikitərəfli münasibətlərimiz olan ölkələr də ziyan görürsə, cavabdeh sizsiniz”.
Əsas məsələ də budur ki, Paşinyana öz yerini göstərməyə çalışırlar. Ona gələcəkdə hansısa siyasi addım atanda təkcə özlərinin deyil, regional və qlobal oyunçuların da maraqlarını nəzərə almağı təklif edirlər. Burada başqa bir məqsədin olduğu inandırıcı görünmür.
- Azov dənizində Ukrayna gəmilərini atəşə tutan Rusiyaya qarşı təzyiqlər artıb. ABŞ bununla bağlı Avropa İttifaqına müraciət edərək, Moskvaya sanksiya tətbiq etməyə çağırıb. Sizcə, məsələni bu formada qlobal böhrana çevirən əsas faktor nədir, burada Ukrayna kilsəsinin Moskva Pravoslav Kilsəsindən ayrılmaq niyyəti rol oynayırmı?
- Hesab etmirəm ki, Ukrayna kilsələrinin Moskvadan ayrılması mənfi nəticələrə gətirib çıxara bilər. Ukrayna təkcə, rusların kompakt yaşadıqları Şərqi Ukraynadan yox, həm də Qərbi Ukraynadan ibarətdir. Ukrayna həm katolik, həm də pravoslav kilsəsindən ibarət bir dövlətdirsə və Rusiyanın nəzarətindən çıxmaq istəyirsə, bu, onun öz müstəqil fikridir. Demək ki, Ukraynanın apardığı müstəqil siyasət kilsə məsələsinə də təsir edib. Buna görə də Ukrayna kilsələrlə bağlı belə bir qərar qəbul edib.
Qənaətimə görə, Kerçdə baş verən gərginlik Krımın Rusiyaya ilhaq edilməsinin davamıdır. Bu problemlər də o vaxt öz həllini tapacaq ki, Rusiya və Ukrayna arasındakı sərhəd məsələləri qaydaya düşəcək.
- Bəs, bu haqda fikriniz nədir, NATO və Avropa İttifaqına üzv olmağı qarşısına məqsəd qoymuş Ukrayna Gürcüstan kimi Rusiyanın nəzarətində olan ərazilərdən imtina edə bilərmi?
- Ukraynanın öz ərazi bütövlüyündən əl çəkəcəyinə inanmıram. Çünki bu məsələdə təkcə Ukraynanın yox, Qərbin də maraqları var. Rusiya bölgədə bufer zona yaratmağa, Qərb isə Ukrayna vasitəsilə öz sərhədlərini Rusiyaya yaxınlaşdırmağa çalışır. Bu yaxınlaşma Moldova, Ukrayna və digər istiqamətlərdə aparılır.
Gürcüstana gəlincə, bu ölkə də öz ərazi bütövlüyündən əl çəkməyəcək. Yeni seçilmiş prezident də bəyan etdi ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün mübarizəni davam etdirəcək. Ukrayna da bu istiqamətdə işlərini davam etdirir.
- Bir tərəfdən isə ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi gündəmə gəlib. Sizcə, bu məsələ əsaslandırılmış formada ortaya atılıb? Yəni, ABŞ geri addım atacaqmı, hesab etmək olarmı ki, bu, keşiş Endryu Bransonun ABŞ-a qaytarılması ilə bağlı tərəflər arasında əldə edilmiş anlaşmanın tərkib hissəsidir?
- Keşiş Branson və Fətullah Gülən ayrı-ayrı məsələlərdir. Fətullah Gülən ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən qorunan personadır. Ondan mütəmadi olaraq, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Bundan başqa, Türkiyənin ABŞ-dakı icması tərəfindən dəstəklənən şəxslərdən biridir. Siyasi baxışlarına görə Gülənin Türkiyəyə verilməsi və dərhal həbs edilməsi gündəmdə olduğu üçün inandırıcı görünmür ki, bu motivlərə görə o, ekstradisiya olunacaq.
Təkcə Bransona görə Türkiyənin hansı iqtisadi problemlər yaşadığı göz qabağındadır. Buna görə də, ola bilsin ki, Fətullah Gülənin ətrafında olan və ABŞ-da Türkiyə əleyhinə təxribatçı fəaliyyətlər həyata keçirən şəxslər həbs edilsin, amma onun özünün təhvil verilməsi inandırıcı görünmür.
- Bəs, hansı halda təhvil verilə bilər?
- İndiki məqamda bu halın yaxın gələcəkdə yaranacağı inandırıcı görünmür.