Azərbaycan Prezidentinin səhiyyə sahəsinə göstərdiyi qayğı onu göstərir ki, insan amili, vətəndaşlarımızın sağlamlığı ən ümdə amillərdən, prioritet məsələlərdən biridir. Ölkə başçısının Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kollektivi ilə görüşdə söylədiyi kimi insanların sağlamlığı ən əsas vəzifədir. Cənab Prezidentin apardığı siyasət nəticəsində səhiyyəmiz inkişaf edir və bu, hər kəsin gözü qarşısında baş verir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputatın fikrincə, Azərbaycan səhiyyəsinin vəziyyəti ürəkaçan və yüksək səviyyədədir. “Səhiyyə ocaqlarımız yenilənir, təmirə ehtiyacı olan müəssisələr əsaslı şəkildə yenidən qurulur. Yalnız paytaxtda belə deyil, hər bir regionumuzda səhiyyəyə xüsusi diqqət yetirilir, yeni diaqnostika mərkəzləri açılır, rayon xəstəxanaları təmir olunur. Onların hər biri müasir tibbi avadanlıqlarla təchiz olunur. Cənab Prezident yüksək hazırlıqlı kadrların hazırlanmasına qayğı göstərir. Bu gün əhalinin müalicə üçün hansısa xaricə ölkəyə getməsinə heç bir ehtiyac yoxdur. Ölkəmizdə şərait və hazırlıqlı kadr baxımından hər bir şərait var. Elə kadlarımız yetişib ki, açıq ürək əməliyyatları, böyrək, qaraciyər köçürmələri kimi ağır əməliyyatları uğurla həyata keçirirlər. Dünyada tibb sahəsində baş verən yeniliklər Azərbaycanda da dərhal tətbiq olunur. Bütövlükdə ölkəmizdə bu sahədə əldə olunan bütün uğurlar ölkənin səhiyyə siyasətinin qələbəsidir”.