Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, politoloq Toğrul İsmayılla müsahibəni təqdim edir:
- Toğrul bəy, nəhayətə ABŞ Dövlət Departamenti Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərini satmağa razılıq verdi. Bu faktı necə şərh etmək olar?
- Uzun illərdir ki, ABŞ Türkiyəyə “Patriot” sistemlərinin satışına icazə vermirdi. Türkiyə də alternativlər axtarırdı. Bunlardan biri də Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı idi. Türkiyə tərəfi açıq deyirdi ki, ABŞ-dan “Patriot” almaq niyyətindədir, əgər bununla bağlı qapılar bağlı saxlanılırsa, o zaman digər silah almaq haqqında düşünəcək. ABŞ bir tərəfdən Türkiyəyə silah satışına qadağan qoyub, digər tərəfdən Türkiyənin Rusiyadan S-400 almasına etiraz edirdi. Onsuz da Türkiyə-ABŞ münasibətlərdə problemli məsələlər var idi. Odur ki, siyasətdə bəzi şeylərin dəyişdirilməsi vacibdir. Hesab edirəm ki, indi ABŞ-ın “Patriot” sistemlərinin Türkiyəyə satılması haqqında qərarı doğrudur. Ancaq bu, başlanğıcdır. “Patriot” sistemlərinin satışına icazə verilsə də, nəzərə alın ki, bunun iqtisadi tərəfləri də var. İndiki şərtlər daxilində bu qiymətə silah almaq uyğundurmu? Türkiyə bunu nə üçün almalıdır? Bu suallar gündəmə gələ bilər. Amma ümumilikdə Türkiyənin bu tip silah sistemlərinə ehtiyacı var və bu haqda dəfələrlə ABŞ-a bildirmişdi. Oduer ki, ABŞ-ın bu qərarı çox müsbətdir.
- Ancaq Rusiya Türkiyəyə S-400 sistemləri təklif edib. Hətta ortada raşılaşma da var. ABŞ isə “Patriot” satmağa hazır olduğunu nümayiş etdirir. Türkiyə bu iki seçimdən hansına üstünlük verə bilər?
- S-400 sistemləri ilə bağlı proses bitib. Rusiya bu sistemi satıb və silahın Türkiyəyə çatdırılması 2019-cu ildə baş tutacaq. Amma aydındır ki, S-400 və “Patriot” sistemləri tam fərqlidir. Məsələn, Türkiyə S-400 sistemlərini öz müdafiəsi üçün inteqrasiya etdirə bilər. Amma “Patriot” NATO üzvü olan dövlət tərəfindən istehsal edildiyi üçün Türkiyə onu alarsa, bu zaman silah NATO müdafiə sistemlərinə inteqrasiya ediləcək. Müqayisə etdikdə Rusiyadan alınan S-400 “Patriot”la müqayisədə daha ucuzdur.
- ABŞ “Patriot” sistemlərinin satışına icazə verməklə Ankaraya mesaj Rusiya ilə silah anlaşmasını dayandırmaq mesajı vermir ki?
- Əlbəttə, bu bir növ Amerikanın Türkiyəni öz tərəfinə çəkmək cəhdidir. Amma Türkiyə S-400 komplekslərini artıq alıb, müqavilə bağlanıb. Digər tərəfdən, Türkiyənin “Patriot” sistemlərinə çox ehtiyacı var. Və buna alternativ silah kimi deyil, daha bir hərbi-sənaye anlaşması kimi baxmaq doğru olardı.
- Əgər Türkiyə S-400 almaqdan imtina etməsə, ABŞ Türkiyəyə “Patriot” sistemi satarmı?
- Bir daha qeyd edirəm ki, bunlar ayrı-ayrı məsələlərdir. Bu silahların bir-birinə inteqrasiya edilməsi, hətta bir-birilə müqayisə olunması mümkün deyil. “Patriot” sistemləri NATO sisteminə inteqrasiya oluna bilər. S-400 lər isə Türkiyənin daxili imkanlarından faydalana biləcək. “Patriot” sistemlərinə Türkiyə sahib olduğu zaman bundan bütün NATO ölkələri faydalana biləcək. Üstəlik “Patriot” 100 faiz işləyə biləcək. S-400-lər isə yüz faiz nəticə verə bilməz. Bu baxımdan müqayisə doğru deyil. S-400-lərlə bağlı danışıqlar tamamlanıb, “Patriot” sistemləri ilə bağlı məsələ isə yeni gündəmə gəlib, bunun sabahının necə olacağını gözləmək lazımdır.
- Sizcə, Türkiyənin “Patriot” sistemləri almaq niyyəti varmı?
- Türkiyə “Patriot” silahını almaq üçün niyyətini illər əvvəl açıqlayıb. Ancaq bildiyiniz kimi, silah alan zaman onun qiymətinin uyğun olması lazımdır. S-400-lərin alınması zaman Türkiyə baxımından qiymətlər sərfəli olub. İndi qeyd edilir ki, “Patriotun” qiyməti 3- 3,5 milyard dollardır. Ancaq unutmayaq ki, bu qiymətlərin hamısı təxminlərdir. İş reallaşanda qiymətin neçəyə olduğunu bilmək olmaz. Çünki bu zaman qiymət ikili razılaşma ilə müəyyən olunur. Türkiyə üçün bu silahlar iqtisadi baxımdan uyğun olarsa, onda almaq olar. Başqa sözlə, ABŞ-ın bu silah sistemlərini Türkiyəyə satmağa icazə verməsi hələ Türkiyənin mütləq bu silahı alacağı anlamına gəlmir. Türkiyə bu sistemləri istəyir. Çünki “Patriot” sistemlərindən Türkiyə maksimum faydalana bilər. Nəzərə alın ki, Türkiyənin qonşularla ciddi problemləri var. Türkiyənin hava müdafiə sistemlərində isə müəyyən çatışmazlıqlar mövcuddur. Uzun illər Türkiyə hava müdafiəsini hava qüvvələri vasitəsilə həyata keçirib. İndi dünya dəyişib və Türkiyə də dəyişən dünyada hava raket müdafiəsi sistemlərinə ehtiyac duyur. Zamanında “Patriot”ların satışına icazə verilmədiyi üçün Türkiyə S-400 alınması qərarı verdi.
- Türkiyə Fərat çayının qərb sahillərində yerləşən ərazilərdə anti-terror əməliyyatlarına başlayacağını elan edib. Sizcə, Türkiyə bu əməliyyata başlayacaqmı?
- Söhbət daha çox Menbic bölgəsindən gedir. Mən əməliyyatın olacağını dəqiq deyə bilmərəm, amma bu ehtimal çox yüksəkdir. Bir daha qeyd edim ki, əməliyyatın başlanması haqda qərarı siyasi şəxslər verir və onların informasiyası da bizdən çox olur. Biz ancaq “Türkiyə bu əməliyyatı keçirə bilərmi, bu əməliyyata nə ehtiyac var” kimi suallara cavab verə bilərik. Hesab edirəm ki, Türkiyə belə bir əməliyyat həyata keçirə bilər və bunun üçün kifayət qədər gücü də var. Əməliyyat zamanı ABŞ-la qarşı-qarşıya gəlməmək, habelə Rusiyanın razılığını almaq üçün Türkiyə əlindən gələni edəcək. Ancaq Türkiyə ilk gündən terrorçu hesab etdiyi YPG-nin Fəratın şərqinə keçməsini ABŞ-dan istəyib. ABŞ əvvəl buna razı olub, söz verib, amma sonradan verdiyi sözü yerinə yetirməyib. Əksinə, Fəratın qərbindəki PKK-nın davamı olan qrupları silahlandırıb. Bu silahların sabah Türkiyədə istifadə edilməsi riski yüksəkdir. Digər tərəfdən, ABŞ-ın həmin bölgədə istənilən dövlət quruluşu yaratmasını Türkiyə qəbul etmir. Əksinə, Türkiyə bunu təhlükəsizliyi, ərazi bütövlüyü üçün təhdid kimi görür. Bu səbəbdən də, Türkiyənin Fəratın qərb sahillərində əməliyyatlar aparma ehtimalı çox yüksəkdir. Türkiyə ətrafında təhlükəsiz və terrorçulardan təmizlənən bölgə istəyir, ilk gündən də bunu deyib. Türkiyə hazırda gücü çatdıqca bu məsələni həll etməyə çalışır. Şübhəsiz ki, bunu həll etmək elə də asan iş deyil. Ətrafda marağı olan qüvvələr çox güclüdür, amma Türkiyə bu məsələdə əvvəllər ortaya qoyduğu diplomatiya və hərbi təcrübə ilə bu dəfə də uğurlu nəticə ortaya qoya bilər.
- Menbicdə əməliyyatlar keçirilsə Türkiyə və ABŞ əsgərləri üz-üzə gələ bilərmi?
- Belə bir ehtimal, risk var. Amma nəzərə alın ki, hər əməliyyatdan əvvəl diplomatik təmaslar, görüşlər və müzakirələr olur. Yəni amerikalıların oradan getməsi və ya ərazini YPG-dən təmizləməsi lazımdır.