Azərbaycan dövlət himninin dəyişdirilməsi yolverilməzdir. Konstitusiyada himn, gerb və bayraqla bağlı konkret müddəa var.
Bu fikirləri Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deputat Tahir Kərimlinin dövlət himi ilə bağlı fikirlərinə münasibət bildirərkən, deyib.
ADP sədri bildirib ki, belə təkliflər ölkəni biabırçı vəziyyətə sala bilər: “Amerika konstitusiyası 200 ildir qəbul edilib, ona cəmi 20 əlavə var. Bizim konstitusiyamız 30 ildir qəbul edilib və ona çoxlu dəyişikliklər olunub.
Ümumiyyətlə, dünyanın bütün ölkələrində bayraq, gerb və himn qəbul olunursa, o heç zaman dəyişikliklərə məruz qalmır. Bizimlə birlikdə digər dövlətlərin də bayrağı, himni, gerbi var. Əlbəttə, birinin himni təmtəraqlı, digərinin himni zəif olar. Görün, kim belə məsələləri müzakirə edir? Bu onu göstərir ki, bizdə bəzi adamlar dövlətçilik anlayışı haqqında geniş informasiyalara malik deyil, bu işləri oyuncaq sayırlar. Məncə, belə müzakirələr açıb ictimaiyyətin diqqətini yayındırmağı siyasi baxımdan səhv sayıram”.
Sərdar Cəlaloğlu hesab edir ki, belə məsələləri müzakirəyə çıxaran deputat dediklərinin fərqinə varmalıdır:
“Ümumiyyətlə, Milli Məclisdə belə müzakirə aparılmamalıdır. Azərbaycan Prezidentinin vəzifələrindən biri konstitusiyanı qorumaqdır. Konstitusiyaya zidd fikirlər deyən deputat bunu anlamalıdır. Bu gün himni müzakirəyə çıxaran, sabah bayrağı, bir başqa gün isə ölkənin ərazi bütövlüyünü müzakirəyə çıxara bilər. Himn, gerb, bayraq, sərhəd, dil kimi məsələlər qətiyyən müzakirə mövzusu ola bilməz”.
Xatırladaq ki, dünən Milli Məclisin iclası zamanı Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli dövlət himni ilə bağlı müəyyən fikirlər səsləndirib. Deputat qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətli və keyfiyyətli olmalıdır. T. Kərimli həmçinin söyləyib ki, himnin sözlərinin dəyişməz olduğunu deyənlərin özü vaxtı ilə himnin sözlərində dəyişiklik edib: “Müsavat Partiyasının başqanı (Arif Hacılı) himnin sözlərinin dəyişməz olduğunu deyir. Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər verib”.