20 Dekabr 2018 14:50
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ 3-4 il əvvəl elan etdi ki, Əfqanıstandakı qoşunlarını çıxaracaq. Lakin Amerika qoşunları hələ də Əfqanıstanda qalır. 5-6 il əvvəl isə ABŞ İrqadakı qoşunlarını da çıxaracağını açıqlamışdı. Amma hələ də bir neçə min amerikalı hərbçi İraqda fəaliyyətini davam etdirir. Sadəcə olaraq, indi bu hərbi qüvvələri “müşahidəçilər”, yaxud “təlimatçılar” adlandırırlar”.

ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin çıxarılmasını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə belə deyib.

Politoloq hesab edir ki, ABŞ Suriyadakı qoşunlarının yalnız bir hissəsini çıxaracaq:

“Amma Suriyadakı hərbi varlığını qoruyub saxlayacaq. ABŞ ayrı-ayrı ölkələr üzərindəki nəzarəti həm də hərbi gücündən istifadə edərək saxlamağa çalışır.

Digər yandan, Suriyada böyük sayda qoşun saxlamağa ehtiyac yoxdur. ABŞ-la yanaşı, Rusiya da öz qoşunlarının sayını müəyyən həcmdə azaldıb. İran da Suriyadakı hərbi varlığını digər formaya keçirir. İran özünə sadiq olan şiə birləşmələr vasitəsilə Suriyadakı hərbi varlığını qorumağı planlaşdırır”.

Zərdüşt Əlizadə gec-tez kənar qüvvələrin Suriyadan çıxacağına inandığını diqqətə çatdırıb:

“Suriyada böyük geosiyasi oyun gedir və tərəflərdən hər biri özünü yeganə tərəf kimi göstərməyə çalışır. Nümayiş etdirməyə çalışırlar ki, Suriyada qalmaq istəmirlər, amma qalırlar.

Son nəticədə kənar qüvvələrin hamısı Suriyadan çıxacaqlar və bu ölkə burada min illərdir yaşayan suriyalılara qalacaq. Amma Suriyanın öz ərazi bütövlüyünü və suverenliyini saxlamaq üçün necə ağır bədəl ödəyəcəyini Allah bilir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerika Suriyadakı hərbi qüvvələrinin çıxarılacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər