"Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı sərəncamı hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar dövlətin diqqətini hər zaman ən müxtəlif formalarda hiss edirlər:
“Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar. Son sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ deyil”.
H.Babaoğlu bildirib ki, əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir:
“Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib. Təkcə son iki il ərzində “Ailə Biznesinə Asan Dəstək” – “ABAD”, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb. Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir”.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 19-da “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsindən müvafiq olaraq 5 milyon manat ayrılacaq.