21 Dekabr 2018 08:42
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra gözlənildiyi kimi bu ölkədə vəziyyət düzəlmir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O qeyd edib ki, əksinə vəziyyət getdikcə daha da gərginləşir:

“Çünki Paşinyan belə deyək, artıq qanuni olaraq xalqdan mandat aldı və baş nazir seçildi. Paşinyan parlamenti əsasən özünə yaxın şəxslərdən formalaşdıra bildi. Bundan sonra gözlər Paşinyana dikilib və ondan əməli addımlar gözlənilir. Xüsusilə, Qərb və Rusiya Ermənistanı sıxışdırmağa, Paşinyandan tələblər etməyə davam edirlər. Rusiyanın da ona mənfi mövqeyi artıq ortadadır.

Belə ki, Vladimir Putin Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etmədi. Bunu belə əsaslandırdılar ki, guya bu protokol qaydalarına ziddir. Qeyd etdilər ki, Rusiya Prezidenti adətən yüksək vəzifəyə təyinat olduqda şəxsi təbrik edir. Seçildikdə isə təbrik olmur. Rusiyanın Ermənistandakı səfiri bunu bu cür izah etməyə çalışıb. Əslində isə belə deyil. Bu, tamamilə düzgün olmayan, əsassız izahatdır. Çünki bir insanın vəzifəyə xalq tərəfindən seçilməsinin, yaxud təyin edilməsinin fərqi yoxdur. Təbrik təbrikdir.

Yəni şəxs yüksək mövqe tutubsa, onu təbrik etmək lazımdır. Digər tərəfdən, Paşinyanın özünü təbrik etməsəydilər belə, onun partiyasını parlament seçkisində qələbə qazanması münasibətilə təbrik edə bilərdilər. Məsələn, 2017-ci ilin aprelin 2-də keçirilən parlament seçkisində Serj Sərkisyanın Respublika Partiyası 49 faiz səslə qalib gələndə Putin onu təbrik etmişdi. Bəs indi Paşinyanın partiyası qalib gəldiyi halda Putin onu niyə təbrik etmir? Demək, Rusiya Prezidentinin Ermənistan baş nazirini təbrik etməməsi Putinin Paşinyana gerçək münasibətini ortaya qoyur”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistanın Qərbin təhdidlərinə uymamalı olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistan öz suverenliyini qorumalı, müstəqil siyasət yürütməli və Qərbin ondan tələb etdiyi İrana qarşı sanksiyalara qoşulmamalıdır.
N.Məmmədova bu bəyanatı Ermənistanın bundan sonra xarici dövlətlər tərəfindən çox böyük təzyiqlərə məruz qalacağının göstəricisi adlandırıb:

“Ermənistan indiyədək ancaq Rusiyadan asılı idisə, artıq Qərbin də təsirinin gücləndiyi və bir-birinə zidd iki qüvvə – Qərb və Rusiya Ermənistanda öz planlarını həyata keçirmək istədikləri üçün təcavüzkar ölkənin rəhbərliyi çox çətin, hətta mən deyərdim, olduqca çətin vəziyyətdə qalacaq. Beləliklə, Paşinyan çox bərbad bir ölkə təhvil alıb. Ermənistan iqtisadiyyatı olmayan, hərbiyyəsi Rusiyadan asılı olan, daxildə siyasi qarşıdurmaların hökm sürdüyü, oliqarxların mövcud olduğu bir ölkədir.

Bu günlərdə eşidirik ki, Ermənistanda kriminal avtoritetlərin növbəti görüşü keçirilib. Yəni dövlət bunun qarşısını almaqda acizdir. Ermənistan Qarabağ cəbhəsində də uğursuzluğa məhkumdur. Üstəlik, ABŞ Ermənistandan tələb edir ki, Rusiya silahından imtina et və İrana qarşı bizim yanımızda ol. Sözsüz ki, bütün bunlar Ermənistanı çox çətin duruma salacaq. 2019-cu ildə bu ölkədə vəziyyət olduqca gərgin olacaq. Çünki xalq Paşinyana böyük ümidlərlə yanaşır, ondan əməli addımlar gözləyir. Ancaq Paşinyanın əlində bu ümidləri doğrultmaq üçün heç bir resurs yoxdur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər