Cümhuriyyət Xalq Partiyasının liderinin bu hərəkəti dəqiq faktlarla ortaya qoyulub. Bunu Türkiyə mətbuatı da geniş işıqlandırıb. Zənnimcə, səs toplamaq xatirinə – ölkədə hər hansı şəhərin bələdiyyəsində üstünlük qazanmaq naminə türk xalqının düşmənləri ilə əlaqə saxlamaq, xüsusilə erməni əsilli şəxslərlə, ASALA terror təşkilatına rəğbəti şübhə doğurmayan insanlarla görüşmək bünövrəsini Atatürkün qoyduğu Cümhuriyyət Xalq Partiyasının nə prinsipləri ilə, nə də ümumiyyətlə, Türkiyənin dövlət maraqları ilə üst-üstə düşür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun ASALA və FETÖ terror təşkilatlarını müdafiə edən, Malatya şəhərindən olan Natalya Avazyanla görüşünə münasibət bildirən Qabil Hüseynli deyib ki, Kılıçdaroğlunun bundan əvvəl də kürd separatçıları ilə danışıqlar apardığı, hətta bu danışıqlarda seçki bloku yaratmaq ideyasını irəli sürdüyü də bəllidir:
“Zənnimzə, bu cür prinsipsiz sövdələşmələrə getmək ana müxalifət partiyasının şan-şövkətinə yaraşmır. Kılıçdaroğlu nədənsə tez-tez bu qırmızı cizgiləri keçməyi sevir. Qeyd edim ki, Kılıçdaroğlu da əslən Malatyadandır. Onun kürd əsilli olması barədə məlumatlar var.
Düzdür, Türkiyədə milli ayrı-seçkilik yoxdur və milli mənsubiyyətə görə kimisə təqib etmirlər. Amma Kılıçdaroğlu – böyük Atatürkün partiyasının, ana müxalifət partiyasının sədri kimi, məncə, dövlətin fundamental prinsiplərinin ziddinə getməməli, bu prinsipləri nəyin bahasına olur-olsun, qorumağa çalışmalıdır. Son görüşlər isə onun prinsipiallığı haqqında ciddi şübhələr doğurur”.
Qeyd edək ki, CHP-nin lideri K.Kılıçdaroğlu bu günlərdə Türkiyədə və Almaniyada ASALA və PPK/YPG tərəfdarları – Natalya Avazyan, Sevim Dağdələn və Helin Evrim Sommərlə görüşüb.