“Biz Azərbaycan vətəndaşları olaraq əslində “Qardian” (“The Guardian”) qəzeti kimi qərəzli və normal media prinsiplərindən tamamilə uzaq düşmüş media orqanlarının ölkəmiz və cənab prezident haqqında zaman-zaman etdikləri çıxışların, yazdıqları yazıların əsl mahiyyətinə və böhtançı xarakter daşımasına bir növ öyrəşmişik”.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, xatırlayırsınızsa 2015-ci ilin I Avropa Oyunları ərəfəsində Avropada erməni lobbisinin sifarişi ilə hərəkət edən bəzi media orqanlarında, o cümlədən “İndependent”də, “Qardian”da Azərbaycan əleyhinə böhtançı və qərəzli yazıların şahidi olmuşduq:
“Hətta iş o yerə gəlib çatmışdı ki, “Qardian” qəzetində guya Azərbaycanla bağlı olduğu iddia edilən, ancaq əslində tamamilə başqa ölkələrdəki reallığı ifadə edən şəkillərin altında Azərbaycan haqqında yazılar çap etmişdilər. Az sonra bunlar ifşa olundu. Bəlli oldu ki, iftira xarakterli bu yazılar Azərbaycanla bağlı olsa da, şəkillər tamamilə başqa ölkələrə aid idi. Yəni, bu dərəcədə saxta üsullarla Azərbaycanı gözdən salmağa çalışırdılar.
Təbii ki, keçmişində belə faktlar olan bir qəzetin bu gün Azərbaycan haqqında ciddi, obyektiv yazılarla çıxış edəcəyi tamamilə inanılmazdır. Ona görə də “Quardian”ın Azərbaycanla bağlı yazdığı yazıları, verdiyi xəbərləri tamamilə böhtan xarakterli və ləkələyici yazılar kimi qəbul edirik”.
Aydın Quliyev qeyd edib ki, ölkəmiz həmişə böyük layihələrin icrasının sonuna yaxın və ya əlamətdar hadisələr ərəfəsində olanda bu cür qaralayıcı, ləkələyici üsullara əl atılır:
“Nəzərə alsaq ki, bu gün Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, Azərbaycan mavi qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarılması ərəfəsindəyik, belə yazıların peyda olması təsadüfi deyil və ölkəmizi, onun imicini və şəxsən cənab prezidentin dünyada güclənməkdə olan şəxsi portretini ləkələmək məqsədi daşıyır.
Aydın məsələdir ki, Azərbaycan ictimaiyyəti bunun ölkəmizə düşmən olan müəyyən erməni dairələri ilə bağlı olduğuna heç bir şübhə etmir. Həm də bizim milli mediamız adını transmilli media orqanı qoyanların səhifələrində yazılanları ifşa etməli və bunu dünyada göstərməlidir. Ona görə də bu cür yolverilməz üsullara əl atan dünyanın bəzi media orqanları heç vaxt istədiklərinə nail ola bilməzlər. Onların çap etdikləri bu yazılar Azərbaycan ictimaiyyətində daha artıq nifrət doğurmaqdan başqa hər hansı effekt verə bilməz”.