23 Dekabr 2018 13:39
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünya arenasında tanınan və mühüm oyunçudur.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

R.Sobhani qeyd edib ki, Azərbaycanın son bir neçə il ərzində nailiyyətlərini xatırlayarkən ilk ağıla gələn "mühüm", "tarixi", "heyrətamiz" və "yenilikçi" sözləridir.

O bildirib ki, statistika hər şeyi göstərir:

"Məsələn, Dünya Bankının məlumatları da təsdiq edir ki, Azərbaycanda ÜDM son bir neçə il ərzində orta hesabla ildə 7 faiz artıb, yoxsulluq səviyyəsi kəskin azalıb, orta təbəqə isə artır. Bu, gənc dövlət üçün böyük nailiyyətlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin bütün ölkələrlə dostluq münasibətlərinə əsaslanan xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasının vacib amilidir. Bundan başqa, Prezident İlham Əliyev enerji ehtiyatlarının ixracatçıları arasında Azərbaycanın mövqeyini gücləndirib”.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələri sayəsində yaxın illərdə Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayacaq:

“Nə qədər ki, Avropa enerji resurslarının idxalı mənbələrinin şaxələndirilməsi yollarını axtarır, Azərbaycanın rolu artacaq. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildikcə müştərilər qaz ixracı prosesini siyasiləşdirən ölkələrdən deyil, Azərbaycandan qaz alacaqlar”.

R.Sobhani xatırladıb ki, bir müddət əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıya səfəri zamanı Azərbaycanın mühüm nəqliyyat qovşağı kimi rolunu vurğulayıb:

“Azad bazar iqtisadiyyatı bütün xalqların uğurunun rəhnidir. Sovet İttifaqının dağılmasına səbəb mərkəzləşdirilmiş iqtisadi sistem idi, ABŞ isə 240 illik tarixi ilə dünyada ən böyük iqtisadiyyata malikdir. Azərbaycan düzgün dayanıqlı iqtisadi inkişaf yolundadır. Azərbaycanda azad bazar iqtisadiyyatı formalaşsa da, dövlət nəzarəti saxlanılır ki, bu da çox vacibdir. Məsələn, borcun ÜDM-ə nisbəti 22 faizdir – bu, Azərbaycan hökuməti üçün böyük nailiyyətdir. Bu o deməkdir ki, ölkə öz vəsaitləri hesabına yaşayır, beynəlxalq maliyyə institutlarından əldə edilən borcların həcmi isə tamamilə münasib səviyyədədir. Qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət yüz minlərlə iş yeri yaratmaqla Azərbaycanın orta təbəqəsinə böyümək imkanı verdi. Hər bir insanın işləmək haqqı var, çünki məhz iş insanın layiqli yaşayışını təmin edir və ona cəmiyyətdə faydalı olmağa imkan verir. Azərbaycan öz vətəndaşlarına iş yerləri təqdim etməklə insan hüquqlarını müdafiə edir. Bu, ölkədə yoxsulluğun səviyyəsinin daha da azaldılmasına imkan verir”.

R.Sobhani Azərbaycanda cəmiyyətin tolerantlığını xüsusi vurğulayıb:

“Azərbaycanın dini və mədəni dözümlülüyə son dərəcə sadiqliyi təkcə müsəlman ölkələri arasında deyil, həm də dünya arenasında unikaldır. Azərbaycan yəhudi icması rəhbərinin “dünyada hansısa yəhudi təqiblərdən qorxursa, Azərbaycanda yaşamalıdır” sözləri sübut edir ki, dini dözümlülük Azərbaycanda həyat tərzidir. Hətta digər ölkələrdə bəhai dininin nümayəndələrini təqib etsələr də, bui icmaya Azərbaycanda hər hansı maneə olmadan öz dinlərinə etiqad etməyə icazə verilir”.

Ekspert əlavə edib ki, etiqad azadlığı insan hüquqlarının əsasıdır və Azərbaycan bütün azərbaycanlıların azad şəkildə etiqad etməsinə imkan verməklə öz vətəndaşlarının hüquqlarını təşviq edir.

O vurğulayıb ki, eyni zamanda bütün azərbaycanlıların bu müsbət imicin dünyada təbliği üçün səfir rolunu oynaması çox vacibdir: “Sosial şəbəkələr, radio və televiziyalar vasitəsilə Azərbaycan cəmiyyətində dini tolerantlığın möhkəmlənməsi faktını daha çox təbliğ etmək lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər