24 Dekabr 2018 15:04
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatından 15-il ötdü. 15 ildir dövlətimizin qurucusu aramızda yoxdur, amma onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Heydər Əliyev siyasi kursunun davam etməsinin, Azərbaycanın belə inkişafının rəhni, qarantı Ümummilli liderin özü qədər inandığı, yüksək liderlik xüsusiyyətlərinin daşıyıcısı olan Prezident İlham Əliyevdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimindəki çıxışında deyib.

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən olan Əli Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Xilaskarı idisə, onun davamçısı olan İlham Əliyev son 15 il bu dövləti inkişaf etdirib, yeni idarəçilik modeli ortaya qoyub və yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib.

Ə.Həsənov qeyd edib ki, İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi nüanslar kitabda və filmdə konstatasiya olunur. O, 15 illik prezidentlik fəaliyyəti dövründə özünü büruzə verən, İlham Əliyevi bir siyasətçi, lider kimi xarakterizə edən xüsusiyyətlər haqqında filmin müəllifi olaraq mülahizələrini qısa şəkildə təqdim edib:

“İlham Əliyev həddən artıq sədaqətli insandır, öz əqidəsinə, inandığı işə, ona etibar olunmuş əmanətə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, ümummilli liderin irsinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə həmişə sədaqətli olub. Öz məsləklindən, amallarından, ardıcılı olduğu siyasi kursdan zərrə qədər geri addım atmayıb. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər ümummilli liderin ideyaları və Azərbaycan xalqının əsas maraq və mənafeləri üzərində qurulub. Film boyu da bu xətt qabarıq nümayiş olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat xabına çevirir. Beləliklə, Azərbaycan qitənin enerji və nəqliyyat xəritəsinin yenidən dizayn etməkdədir. İlham Əliyevin təməlini qoyduğu və gerçəkləşdirdiyi layihələr - transmilli neft-qaz kəmərləri, qitələrarası nəqliyyat dəhlizləri, istifadəyə verilmiş kommunikasiya xətləri, liman və tərsanələr, hava limanları, çoxsaylı mədəni, tibbi obyektlər, elm, təhsil sahəsində həyata keçirdiyi ümummilli proqramlar, yetişdirdiyi sağlam gənclik hələ uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcək”.

Əli Həsənov İlham Əliyevin olduqca praqmatik və realist siyasi lider olduğunu vurğulayıb:

“O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir.

Cənab Prezident öz çıxışlarında da populist vədlərin, volyuntarist qərarların regionumuzdakı bəzi ölkələrin nümunəsində necə mənfi fəsadlar verməsini daim qeyd etmişdir.

Onun ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqı məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artmışdır. 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi azalmış, yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür.

Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanmışdır, hazırda Azərbaycanda işsizlik səviyyəsi Avropa və MDB məkanında ən aşağı yerlərdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət yüz minlərlə iş yeri yaratmaqla Azərbaycanda orta təbəqənin çəkisini xeyli artırmışdır. Beləliklə, cənab Prezidentin yürütdüyü məqsədyönlü sosial siyasət daim əhalinin rifah halının yüksəldilməsinə hesablanıb.

Bu siyasət xalq tərəfindən geniş dəstəyə malikdir. Yerli və xarici fərqli qurumlar tərəfindən aparılan monitorinqlər, keçirilən rəy sorğuları belə dəstəyin mövcudluğunu təsbit edir. Builki prezident seçkilərinin nəticələri isə xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu. Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur, bu, İlham Əliyevin şəxsinə və iqtidarına xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul edilməlidir”.

Ə.Həsənov İlham Əliyevin həm də siyasi mədəniyyətə malik bir lider olduğunu bildirib:

“Prezident olaraq ilk çıxışlarında qeyd etdiyi kimi, o, ötən 15 ildə hər bir azərbaycanlının prezidenti olmağı bacarmış, hər zaman siyasi rəqiblərinə qarşı yüksək əxlaqi davranış sərgiləmiş, siyasi mübarizənin əxlaqi çərçivədə aparılmasının tərəfdarı olmuşdur. Prezident seçkiləri zamanı siyasi rəqiblərinə üstün imkanlar təmin etmək üçün seçki qabağı təbliğatdan da imtina etmişdir. Bu gün bəlli mərkəzlərin diktəsilə həm Azərbaycanın bəzi siyasi müxalif qüvvələri, həm xaricdə yaşayan Azərbaycan əsilli bəzi şəxslər, həm də xarici nəşrlər vasitəsilə aparılan qaralama, şər, böhtan kampaniyası qarşısında İlham Əliyev yüksək ləyaqətlə davranaraq o kampaniyaların səviyyəsinə enməyi və onlara reaksiya verməyi məqbul hesab etməmişdir. Bu yüksək siyasi mədəniyyət qonşularla münasibətdə də özünü büruzə verir.

Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı platsdarm rolu oynamamışdır. Ermənistanda baş verən son hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə Azərbaycan tərəfi fürsətcil davranışdan yayınmışdır. Nəticədə bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir.

2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal almışdır, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasiləri tərəfindən dilə gətirilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər