25 Dekabr 2018 09:36
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövləti və ona başçılıq edən şəxslər Azərbaycan dövlətinə və onun başçılarına həmişə hörmətlə yanaşıblar.

Bu sözləri Teleqraf.com-a jurnalist və siyasi şərhçi Azır Həsrət deyib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin vaxtında Rusiya ilə Azərbaycan arasında vaxtilə ortaya çıxmış bir sıra problemlərin həll olunması xüsusi vurğulanmalıdır: “Azərbaycanın Rusiya ilə münasibətlərdə sabit mövqe sərgilədiyinin altını cızmalıyıq. Prezident İlham Əliyevin son 15 il ərzində həyata keçirdiyi siyasət eyni xəttin davamı olub, bundan başqa uğurlu və inkişaf edən istiqamətdə gedib.

Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında bəzi qüvvələrin gərginləşdirməyə çalışdığı münasibətlərin qorunub saxlanmasını təmin edib, Rusiyanın Azərbaycanın beynəlxalq platformalarda yaxın və sadiq tərəfdaşı kimi çıxış etməsinə nail ola bilib.

Üçüncü tərəfdən, Rusiya prezidenti ilə Azərbaycan prezidenti şəxsi dostluq əlaqələrini yüksək səviyyədə qoruyub saxlaya biliblər, bu da nəticə etibarilə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxarıb.

Cənubi Qafqazın 3 ölkəsindən yalnız Azərbaycan özünün siyasətinə, Rusiya ilə münasibətlərində yürütdüyü xəttə ardıcıl sədaqət nümayiş etdirib. Yəni Azərbaycan həm Ermənistandan, həm də Gürcüstandan fərqli olaraq Rusiya ilə münasibətlərdə ikili və ya pərdəarxası heç bir oyunda iştirak etməyib.

Hətta dünyanın aparıcı dövlətləri, ABŞ, Avropa Birliyi kimi dövlətlər Rusiyanın üzərinə hücuma keçəndə, Rusiyanı küncə sıxmaq istəyəndə Azərbaycan özünün Rusiya ilə münasibətlərinə xələl gətirəcək heç bir addım atmayıb, heç bir sənədə qol qoymayıb.

Məsələn, Ermənistan hazırda çalxantı içindədir, bəlli deyil hansı tərəfə gedəcək. Ermənistanda bu gün faktiki olaraq rus azlığı yaşamır, yəni bu ölkə 98 faiz ermənilərdən ibarətdir, 3-5 nəfər rus və ya başqa millətlərdən olan insanlar var. Azərbaycan dövləti isə özünün rus millətindən olan vətəndaşlarının ölkədə qalıb yaşamasını təmin edir.

Ona görə də Azərbaycanda Cənubi Qafqazın ən böyük rus diasporu mövcuddur. Bu say 150 mindən artıqdır və Azərbaycanda ruslar heç vaxt özlərini yabançı, yad hiss etməyiblər”.

Azər Həsrətin sözlərinə görə, rusların Azərbaycandan heç zaman şikayəti olmayıb: “Bu da səbəbsiz deyil. Ona görə ki, Azərbaycan istər Rusiya dövlətinə, istərsə də rus millətinə münasibətdə birmənalı mövqe sərgiləyib, daim yaxın qonşuluq, qardaşlıq siyasəti yürüdüb. Təbii ki, prezident İlham Əliyevin şəxsən başçılıq etdiyi bu siyasət Rusiya kimi dünyanın nəhəng, aparıcı dövlətin rəhbərinin diqqətini çəkməyə bilməzdi.

Əlavə olaraq Vladimir Putin İlham Əliyevi şəxsən çox yaxından tanıyır, ona çox yaxşı bələddir və onun bəzi dairələrdə deyildiyi kimi ikili siyasət yürütmədiyini yaxşı anlayır. Azərbaycan dövlətinin başçısı öz siyasətində açıqdır, şəffafdır, dost ölkələrə, yaxın qonşulara münasibətdə ikili oyun oynamır.

Bu baxımdan təbiidir ki, Putin İlham Əliyevə çox böyük dəyər verir, özünün və dövlətinin ən yaxın tərəfdaşları sırasında da məhz İlham Əliyevi, Azərbaycan dövlətini görür.

Mən düşünürəm ki, Azərbaycan dövləti prezident İlham Əliyevin son 15 illik hakimiyyəti dönəmində bu qədər etibar qazanıb və etibarını möhkəmləndirə bilibsə, deməli, biz doğru yoldayıq, düzgün siyasət yürüdürük”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda Rusiya prezidenti Azərbaycan dövlət başçısını "uzaqgörən siyasi xadim", "öz ölkəsinin həqiqi lideri" adlandırıb və onun doğum gününü təbrik edib.


Müəllif: Aytən

Oxşar xəbərlər