26 Dekabr 2018 08:47
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezident həqiqətləri dilə gətirib. Onun da dediyi kimi, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun işğalçı üzərindəki qələbəsi Ermənistandakı kriminal rejimin çökməsində xüsusi rol oynayıb”.

Bunu Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin fikirlərinu barədə Teleqraf.com-a şərh edən politoloq Elşən Manafov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan ordusunun aprel döyüşlərindəki qələbələri, erməni xalqının Ermənistan hakimiyyətinə və bu ölkənin təhlükəsizliyinə cavabdeh olan orduya inamının əhəmiyyətli dərəcədə sarsılmasına səbəb oldu:

“Çünki təbliğat yolu ilə erməni ordusunun hədsiz dərəcədə güclü olması ilə bağlı “mif” yaradılmışdı. Aprel döyüşləri qısa zaman ərzində bu “mifi” dağıtdı. Erməni ordusu ilə bağlı Ermənistanın siyasi çevrələrinin və telekanallarının apardığı təbliğat sabun köpüyü kimi partladı. Digər yandan, Ermənistandakı hərbi-siyasi, iqtisadi böhranı şərtləndirən amillərdən biri də Azərbaycanın işğal siyasətinə görə, bu ölkəyə tətbiq etdiyi blokadadır. Ərazilərinin bir hissəsini işğal etdiyinə görə, Azərbaycan Ermənistanı məngənədə sıxmağa məcbur oldu. Buna adekvat olaraq, eyni addımı qardaş Türkiyə də atdı. Bu amillər Ermənistanda total iqtisadi böhranlara və xalqın sosial rifahının əhəmiyyətli səviyyədə aşağı düşməsinə gətirib çıxardı.

Erməni xalqının maddi durumunun pisləşməsi, ölkədəki işsizlər ordusunun sıralarının genişlənməsi, sosial münasibətlərdəki gərginlik, Ermənistan hakimiyyətinin korrupsiyaya məruz qalması, erməni ordusunun məğlubiyyətləri erməni cəmiyyətinin Serj Sərkisyan rejiminə olan inamını daha da sarsıtdı. Yeni qüvvələr də keçmiş Sərkisyan rejiminin xalq üçün yaratdığı bu problemlərdən məharətlə istifadə etdi”.

Elşən Manafov vurğulayıb ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəedilməz dərəcədə zəifdir:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistandakı kriminal rejimin çökməsində Azərbaycanın uğurlu diplomatiyasının, Azərbaycan ordusunun hərbi qələbələri və işğalçılıq siyasətinə görə bu ölkəyə tətbiq edilən blokada və digər amillərin rolu oldu. Azərbaycan dövlətinin iradəsi sayəsində, Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Bir tərəfdən də, Azərbaycan ordusunun işğalçı qüvvələr üzərindəki qələbələri də göstərdi ki, zaman Azərbaycanın xeyrinə işləyəcək. Bir faktoru da, nəzərdən qaçırmamaq lazımdır ki, Azərbaycanın hərbi büdcəsi, Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan uzun zaman bu müqavimətə dirənə bilməyəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı önəmli mesajlar verib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusunun qazandığı hərbi qələbələr Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər