Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səylə çalışır.
Bunu Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin fikirləri barədə Teleqraf.com-a danışan millət vəkili Fəzail İbrahimli deyib.
Millət vəkili Azərbaycanın Qarabağ münaqişənin həll edilməsi istiqamətindəki işlərini davam etdirdiyini bildirib:
“Biz ümidlə yaşayırıq. Hər il ədalətin bərpa ediləcəyinə ümid edirik, məsələyə beynəlxalq hüquq normaları çərçivəsindən yanaşılacağını gözləyirik. Münaqişənin həlli ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə olunub. Bu qrupun üzvləri arasındakı ziddiyyətlər də elə həddədir ki, eyni mövqedən çıxış edə bilmirlər. Onların öz dərdləri bizim dərdimizdən də böyükdür. Bu, problemin həllinə mane olan əsas amillərdən biridir.
Digər yandan isə Minsk qrupuna daxil olan dövlətlərin hər biri münaqişəni öz xeyirlərinə həll etmək istəyir. Bu da qeyri-mümkündür. Çünki məsələ Azərbaycanın haqları çərçivəsində - ədalətli həll edilməlidir. Bir tərəfdən də, bölgəni öz nəzarətləri altında saxlamağa cəhdlər edirlər. Bu ziddiyyətlər də problemin həllinə mane olur. Bu ziddiyyətlər aradan qalxsa, münaqişənin həll prosesində müəyyən irəliləyişlər ola bilər”.
Fəzail İbrahimli qeyd edib ki, Ermənistanın bir ağıllı rəhbəri olmalıdır və Qarabağla bağlı onların çəkdikləri müsibətlər gözlərinin qabağına gəlməlidir, itirdikləri müstəqilliyin ən azı 19 illik zərərini aradan qaldırmaq üçün münaqişəni həll edib dünyaya açılmalıdır:
“Ermənistan qonşu ölkələrlə normal münasibətləri bərpa etməlidir. Yəni, bu ölkənin kənar güclərin yox, xalqının diktəsi ilə hərəkət edən rəhbəri olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı önəmli mesajlar verib.
İlham Əliyev çıxışında bildirib ki, 2019-cu ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il olacağına ümid edir.