“Ermənistan Baş naziri Nikol Paşinyanı süni şəkildə şişirdib lider kimi təqdim etdilər. “Xalq hərəkatı”nı da süni formada yaratdılar və onu hakimiyyətə gətirdilər”.
Ermənistan Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanovun Paşinyan haqda səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı belə deyib.
QAT sədrinin sözlərinə görə, Ermənistanda kimin iqtidarda olmasından asılı olmayaraq, onlar kənar güclər tərəfindən hakimiyyətə gətirilirlər:
“İndiyədək Ermənistanda hakimiyyətlərin hamısı Rusiya tərəfindən qurulub. Hətta qərbpərəst keçmiş prezident Levon Ter-Petrosyan da müəyyən qədər Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmişdi. Serj Sərkisyan və Robert Köçəryan isə birbaşa Rusiyanın adamları idi. Eyni zamanda, Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki separatçıların başçıları da bu xətlə təyin edilirlər. Həmin şəxslər Rusiyanın xüsusi xidmət orqanlarının adamlarıdır.
İndi Ermənistan tarixində birinci dəfədir ki, ABŞ öz adamını – Paşinyanı hakimiyyətə gətirir. Şarmazanovun bu açıqlaması göstərir ki, Ermənistandakı qarşıdurma artıq açıq müstəviyə keçir. Bu, qarşıdurmanın şiddətli hal aldığını göstərir”.
Akif Nağı qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistandakı Rusiya-ABŞ qarşıdurmasının baş verdiyini açıq şəkildə gündəmə gətirdi:
“Karasin dedi ki, Ermənistanın yeni hakimiyyəti ABŞ-ın şantajlarına qarşı mübarizə aparmaq üçün özündə güc tapmalıdır. Bu, göstərir ki, Ermənistanda ABŞ və Rusiya arasında açıq qarşıdurma gedir. Bu qarşıdurmanın axırında geri çəkilən tərəf Ermənistana investisiya yatırmalıdır, amma bunun əlamətləri görünmür.
Hələlik gedişat deməyə əsas vermir ki, Paşinyan öz hakimiyyətini gücləndirəcək. Çox güman ki, Paşinyanın hakimiyyəti müvəqqəti olacaq”.
Qeyd edək ki, Eduard Şarmazanov Nikol Paşinyanı Ermənistan üçün problemlər yaratmaqda ittiham edib.
O, Ermənistanın yeni rəhbərinin qüsurlarını sadalayıb: “İlk dəfə Diaspor Nazirliyi bağlanıldı. Bizim artıq Mədəniyyət Nazirliyimiz də olmayacaq. İlk dəfə Ermənistan KTMT baş katibi postundan məhrum edildi. İlk dəfə minlərlə vətəndaş yeni ili işsiz olaraq qarşılayacaq. İlk dəfə “Qarabağ qəhrəmanı” və “Qarabağın prezidentləri” həbs edildi. İlk dəfə “Qarabağ azadlıq müharibəsi” hakimiyyətin “damp-dump”la ələ keçirilməsindən daha az vacib oldu. İlk dəfə real müxalifət olmayan parlamentə sahib olacağıq. İlk dəfə Müqəddəs Eçmiədzinin dəftərxanası ələ keçirildi. İlk dəfə bütün ermənilərin katolikosuna hücum oldu. İlk dəfə homoseksuallar polisə hücum etdilər və ilk dəfə ölkə başçısı xalqını qaralar və ağlara böldü”.