“Cənab prezidentin də qeyd etdiyi kimi, 2018-ci il Azərbaycan üçün ən uğurlu illərdən biri oldu. Bu uğurlar Azərbaycan prezidentinin dövlət başçısı kimi 15 illik fəaliyyətinin davamıdır”.
Azərbaycan prezidentinin Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib.
Baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycanın inkişaf tendensiyası davam edir:
“Bu baxımdan son 15 ildə Azərbaycanda baş verən müsbət dəyişikliklər və inkişaf bütün sahələrdə özünü göstərir. Bu il ərzində iqtisadi, sosial, kənd təsərrüfatı, idman, mədəni və digər sahələrin inkişaf etdirilməsi üçün çoxlu sayda dövlət proqramları həyata keçirildi və bu işin tərkib hissəsi kimi minlərlə iş yerləri açıldı.
Cənab Prezident dəfələrlə görülən işlər barədə danışarkən bildirib ki, “Mənim apardığım siyasətin kökündə Azərbaycan vətəndaşı, onun ailəsi dayanır”. Baxın, 2018-ci ildə görülən işlərin əsas hissəsini sosial proqramlar təşkil etdi. İl ərzində sosial siyasət daha da gücləndirildi. Bu ay ərzində cənab Prezidentin atdığı humanist addımı hamımız gördük. Aztəminatlı ailələrə birdəfəlik yardımın ayrılması bundan xəbər verirdi. Bu çərçivədə həmin ailələr üçün 5 milyon manat maddi vəsait ayrıldı. Başqa sözlə, 2018-ci il ərzində istər xarici, istərsə də, daxili siyasətdə böyük uğurlar əldə edilib”.
Bəhruz Quliyevin sözlərinə görə, il ərzində təhsil və səhiyyə sahələrinin inkişafı üçün çox ciddi işlər görüldü və bu istiqamətdə addımlar atılır:
“Görülən işlərin hər biri Azərbaycan vətəndaşına və Azərbaycan ailəsinə xidmət edir. Buna görə də, cənab Prezident həmişə deyir ki, “mən xalqıma güvənirəm, xalqıma etimad edirəm, xalq da mənə etimad göstərir”. Bu qarşılıqlı etimad Azərbaycanın əbədi müstəqilliyinin qarantıdır. Xalqın rifahı həm də liderin şəxsi keyfiyyətlərindən irəli gəlir. Bu baxımdan, cənab Prezident Azərbaycanın və regionun həqiqi liderinə çevrilib.
O, lider kimi öz xarizmasını və praqmatik siyasətini ortaya qoyub. Xalq da bu siyasəti dəstəkləyir. Xalq-prezident münasibətlərinin əsasını sevgi və etimad təşkil edir. Bu, Azərbaycanın inkişafını təmin edən əsas amillərdən biridir. 2018-ci ildə keçirilmiş seçkilər də bunu göstərdi. Prezident yenə də öz xalqının sevgisini qazanaraq öz işindədir, dövlət başçısı kimi öz fəaliyyətini davam etdirir”.
Baş redaktor vurğulayıb ki, Azərbaycan prezidenti müsahibədə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub:
“Cənab Prezidentin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər də maraqlı idi. Bu baxımdan da hesab edirəm ki, Ermənistanın yeni hakimiyyətinin işğalçılıq siyasəti məhvə məhkumdur. Çünki işğalçılıq siyasətinə görə, özünü təcrid etmiş Ermənistan bu gün Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq enerji layihələrindən kənarda qalıb. Ermənistan işğalçılıq siyasətindən imtina etməyənə qədər bu layihələrdə iştirak edə bilməz. Bu, Azərbaycanın gücü və apardığı uğurlu xarici siyasətin nəticəsidir. Cənab Prezidentin müsahibədə toxunduğu məsələlərdən biri bu idi”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində önəmli mesajlar verib. Azərbaycanda görülən işlər barədə danışan İlham Əliyev bildirib ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkənin dinamik inkişafı davam edib.