“Rossiya 24” kanalında yayımlanan “Fikir” (“Мнение”) proqramının müəllifi və aparıcısı Evelina Zakamskaya “Moskva-Bakı”nın müxbiri ilə söhbətdə Azərbaycanın prezidenti İlham Əliyev ilə görüşündən, onun ailəsi ilə uzun illər davam edən dostluğundan və Bakının Yeni il öncəsi gözəlliyindən danışıb.
Teleqraf.com bildirir ki, Evelina Bakıda anadan olub və həmişə bu şəhəri xoş hisslərlə xatırlayır.
- Siz Azərbaycanın prezidentindən beşinci dəfə müsahibə almısınız. Bu dəfəki söhbət necə idi? İlham Əliyev sizinlə ilk görüşdən sonra necə dəyişib?
- Bu dəfəki görüşümüz zamanı prezident qeyd etdi ki, biz artıq 10 ildir tanışıq. Mən ondan ilk müsahibəni 2009-cu ildə götürmüşdüm. İlham Əliyevin buna fikir verməsi mənim üçün çox xoş idi (gülümsəyir). O nə xarici görünüş baxımından, nə də ki daxilən heç də dəyişməyib. O həmişə ciddidir və işgüzardır, çünki bu, bütöv bir ölkənin həyatı və onun dünya arenasındakı mövqeyi haqqında böyük bir müsahibədir.
- Siz kadr arxasında nə barədə danışa bildiniz?
- Hər dəfə çəkiliş başa çatandan sonra İlham Əliyev yerindən qalxmağa tələsmir və biz sadəcə şəxsi və digər məsələlər barədə söhbət edirik. Biz ailə, əhval-ruhiyyə, Bakıdakı hava haqqında danışırıq...
- İlham Əliyev sizə ailəsi barədə danışıb?
- Bir az. Biz onun ümumi əhval-ruhiyyəsi barədə söhbət edərkən, mənə aydın oldu ki, bir dövlət başçısı kimi onun üçün şəxsi və ictimai problemlər birdir. Ölkədə nə baş verirsə, onun şəxsi həyatında əks olunur. Bu dəfə mənə elə gəldi ki, o, sakit və özünəmin idi. O sabahkı gündə və hazırda Azərbaycanda baş verən hər şeyin doğru olduğundan əmindir. Dövlət başçısının heç nəyə şübhəsinin olmaması isə bu ölkənin bütün vətəndaşları üçün vacib işarədir.
- Siz prezidentin ailəsi ilə tanışsınız?
- Mən birinci xanım Mehriban Əliyeva ilə tanışam. Mənə ondan müsahibə almaq da qismət olub. Tədbirlərin birində mən prezidentin qızı Leyla Əliyeva ilə də tanış olmuşam. Əliyevlər ailəsinin hər bir üzvünün ictimai fəaliyyətə istedadı var və onlar çox uğurla bununla məşğul olurlar.
- Rusiya ilə Azərbaycanın münasibətlərində nə kimi yeniliklər var?
- Bilirsiniz, radikal bir yenilik yoxdur və bu yaxşı əlamətdir (gülümsəyir). Biz ölkələrimiz arasında əlaqələrin tədricən inkişaf etməsi barədə danışırdıq və dünyanın informasiya, siyasi fonunun dəyişməsinə baxmayaraq, prezidentlərimiz arasında etimad qorunub saxlanılır. Axı dünyanın taleyi real insanların əlindədir! Və bu siyasi etimada çevrilən insanların bir birinə etimadı çox vacibdir. Biz Rusiya ilə Azərbaycan arasınsakı inteqrasiya və iqtisadi proseslər, turizm istiqaməti haqqında söhbət etdik. Çünki Bakıya gələn turistlərin əksəriyyəti məhz Rusiyadandır.
- Bu ölkələrimizin tarixi əlaqələri ilə bağlıdır...
- Bəli, ancaq təkcə bununla bağlı deyil. Prezidentin də qeyd etdiyi kimi ən başlıca aspekt ölkələrimiz arasında dil baryerinin olmamasıdılr. Və bu gün Azərbaycan rus dilinin mövqeyinin qorunub saxlanılmasına çox böyük diqqət ayırır ki, bu da məni bir bakılı kimi sevindirməyə bilməz! (gülümsəyir). Əlbəttə ki, bu bizim əlaqələrimizi möhkəmləndirir. Dünyanın ən böyük dillərindən və beynəlxalq ünsiyyət vasitəsi olan rus dilini bilmək təhsil, mədəni və elm sahəsini genişləndirməyə imkan verir.
- Prezident Azərbaycanda ilin yekunları barədə çox danışıb.
- Yəqin ki, bu ilin əsas nəticələrindən biri Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tədricən azalması və iqtisadiyyatın diversifikasiyasıdır. O, inkişaf etməkdə olan bir sıra sahələri qeyd etdi, bu sahələrdə aralıq nəticələrin olduğunu və real addımların atıldığını bildirdi. Azərbaycanın bir neçə il öncə seçdiyi bu yol inkişaf etməkdə davam edir, ölkə seçdiyi kursdan geri çəkilmir. Və bu gün dünya neft bazarında baş verənlər bu addımın doğru olduğunu göstərir. Qeyri-neft sektorunun inkşafı, xüsusilə də kiçik və orta biznesə dəstək verilməsi sayəsində ölkə yenidən Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa yönəlir.
- Prezidentlə müsahibələrinizdən biri üçün siz şaftalı rəngli libası seçmişdiniz. Bu dəfə isə açıq rəngli kostyum geymişdiniz. Siz daha ciddi obrazda görsənmək istəyirdiniz?
- Xeyr, hər şey olduqca sadədir! (gülür). Bu, saç düzümü ilə bağlıdır. O zaman mənim saçlarım uzun idi və mənə yumşaq, romantik bir obraz yaraşırdı. Həmin müsahibə 9 maydan öncə baş tutmuşdu, bahar fəsli idi və ona uyğun əhval-ruhiyyə var idi. İndi isə mənim saçlarım qısadır, ənənəvi kare saç düzümüdür. Yeri gəlmişkən, prezident buna fikir verdi və ilk görüşümüz zamanı da saç düzümümün bu cür olduğunu söylədi. Kostyum isə indi qış fəslinin olması və əhvalın da buna uyğun olmasına əsaslanır. Hər bir halda, komplimentlərin sayı ötən dəfə olduğundan az deyildi. Azərbaycanda qadınların nəyi duymağı xoşladığını bilən kişilərlə qarşılaşmaq hər zaman xoşdur.
- Siz bir müddət əvvəl Bakıdan qayıtmısınız, bayram öncəsi orada mühit necədir? Siz paytaxtda gəzə bildinizmi?
- Bu səfər bizim çəkiliş qrupumuz üçün xüsusi alınıb. Bizi Azərbaycanda həmişə isti qarşılayırlar, bu artıq ənənədir. Bu dəfə prezident administrasiyası ilə artıq kadrarxası danışarkən biz artıq ailə olduğumuzu qeyd etdik. Bu mənim üçün çox dəyərlidir, çünki Bakı mənim doğma şəhərim olaraq qalır və mən ora getməyi çox xoşlayıram. Hər dəfə gələndə, sürücüdən keçmiş Çapayev, indiki Təbriz küçəsində yerləşən keçmiş evimin yanından keçməyi xahiş edirəm. Ev artıq yoxdur, onun yerinə yeni hündür mərtəbəli bina tikilib, lakin ətrafda eyni evlər var və mən doğma yerləri asanlıqla tanıdım.
Bakıda Yeni il əhval-ruhiyyəsi hökm sürür, baxmayaraq ki, orada Moskva ilə müqayisədə daha istidir və vaxtaşırı yağış yağır. Hündür Bakı səması qarın olmamasını kompensasiya edir. Küçələr bəzədilib, şəhər bayrama hazırlaşır. Mənim çox xoşuma gəlir ki, azərbaycanlı Şaxta baba var. Bu, Santa Klaus deyil, məhz Şaxta babadır! (gülür) O, mənim uşaqlığımdakı kimi görünür. Mən bütün bakılılara, bütün Azərbaycan vətəndaşlarına xoşbəxt Yeni il arzulayıram.