29 Dekabr 2018 09:01
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ermənistanı öz orbitində saxlamaq cəhdləri Putin- Paşinyan görüşündən sonra bir daha aydın oldu. Çünki Putin Paşinyanın apardığı qərbyönümlü siyasətdən narazıdır”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Bununla belə o, qeyd edib ki, Paşinyanın iki ölkə arasında müttəfiqlik əlaqələrini qorumaq planı yoxdur:

“Onun əsas strategiyası ölkəsində Rusiyanın mövqeyini mümkün qədər zəiflətməkdir. Putinin Paşinyanın Rusiya ilə bağlı pozitiv mesajlarına inanmaması da buradan qaynaqlanır. Görüşdə heç bir sənədin imzalanmaması Putinin Paşinyana etibar etməməsindən irəli gəlir”.

M.Əsədullazadə ehtimal edir ki, Moskvada keçirilən görüşdə Putin öz təlimatlarını və şərtlərini, Kremlin qırmızı cizgilərini Paşinyanın diqqətinə çatdırıb:

“Paşinyan sözdə Putinlə qarşıdurmaya getməsə də, əminəm ki, biz bir neçə aydan sonra onun ölkəsində apardığı siyasətin Rusiyaya qarşı olduğunu görəcəyik. Hətta Rusiya hərbi bazasının Gümrüdən çıxarılması istiqamətində kütləvi etiraz aksiyalarının başlamasını gizlicə təşkil edəcəyi gözlənilir. Çünki Rusiya hərbi bazasının varlığı Paşinyanın yürüdəcəyi siyasətin qarşısını alacaq. ABŞ səfirliyi necə Paşinyanı hakimiyyətə gətirən qərargah missiyası yerinə yetiribsə, eləcə də Gümrüdəki Rusiya hərbi bazası Qarabağ klanının siyasi qərargahı və Ermənistanda növbəti dövlət çevrilişi planlarının mərkəzi rolunu oynayacaq”.

Politoloq onu da bildirib ki, N.Paşinyan İrəvana qayıtdıqdan sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı müzkirələrin aparılmasına vaxt olmadığını qeyd edib, amma onun bu dedikləri həqiqətəuyğun deyil:

“Çünki İrəvanla Bakı arasında vasitəçisiz mümkün dialoq baş tutub və danışıqların davam etməsi gözlənilir. Rusiya buna seyrçi qala bilməz. Putin Paşinyanla Qarabağ münaqişəsini müzakirə edib və Rusiyanın münaqişənin həlli ilə bağlı şərtlərini onun diqqətinə çatdırıb. Güman etmək olar ki, həmin şərtlər vaxtilə Sərksiyanın qarşısında irəli sürülən şərtlərdir. Paşinyanın bunu açıqlamaması hələlik danışıqları pozmamaq istəyindən irəli gəlir”.

M.Əsədullazadə qeyd edib ki, bu görüş Putinin Ermənistan siyasətindən geri çəkilməyəcəyini göstərdi:

“Putinin görüşdən sonra həbsdə olan Robert Köçəryana yeni illə əlaqədar bayram təbriki göndərməsi göstərdi ki, Rusiyanın əsas siyasi dayaqları Qarabağ klanıdır və bu klanı mütləq iqtidara daşıyacaq. Bu təbrik məktubu Paşinyan üçün soyuq duş effekti yaratmaqla Putin üçün Köçəryanın baş nazir səlahiyyətlərinin icraçısından daha vacib olduğunu göstərdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər