Artıq 2018-ci il tarixə qovuşur. Hər bir insan kimi mən də hər ilin sonunda öz-özümə bir hesabat verirəm. Nəyi düz etdim, nədə yanıldım... Bütövlükdə il mənim üçün uğurlu oldu.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.
O qeyd edib ki, bu il bir sıra mükafatlar qazanıb, Milli Məclisin fəxri medalı ilə təltif olunub:
“Onlayn sorğu nəticəsində “İlin fəal deputatı” nominasiyasında qaliblərdən oldum, fəal ictimai-siyasi fəaliyyətimə görə “Şəms” Milli Mükafatına layiq görüldüm. Bu gün, dekabrın 28-də isə həmkarlarımla yanaşı mən də Milli Məclisin “Parlament” medalı ilə təltif olundum. Mən bütün bu uğurları əməyimə verilən yüksək qiymət kimi dəyərləndirir, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
E.Nəsirov qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyev Azərbaycanı dünya miqyasında bir sabitlik və təhlükəsizlik adasına çevirib:
“Hər birimiz bu misilsiz və tarixi nailiyyətimizi göz bəbəyi kimi qorumalıyıq. Möhtəşəm uğurlarımızdan yuxusuna haram qatılan bədxahların, milli dönük və satqınların çirkin niyyətləri həmişə olduğu kimi bundan sonra da ürəklərində qalmalıdır. Bu reallıqda hakimiyyət-xalq birliyi daha da güclənməlidir. “Sapı özümüzdən olan baltalar” ictimai qınaq obyekti olmalıdırlar. Onların salamını belə almamalı, toylarına və yas mərasimlərinə gedilməməlidir. Milli dönük və satqınların aqibəti məhz belə olmalıdır. Onlar bir yalquzaq həyatı yaşamalıdırlar”.
E.Nəsirov fürsətdən istifadə edib hər bir azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik etdiyini vurğulayıb:
“Çöhrənizdən təbəssüm əskik olmasın. Sevinəsiz, sevindirəsiz. Ulu öndər Heydər Əliyevin xalqımıza ünvanlanmış bu gözəl, bənzərsiz və orijinal fikirləri ilə təbrikimi yekunlaşdırıram; Qoy çaylarımız qurumasın, ağaclarımız kəsilməsin, çırağımız sönməsin”.