28 Dekabr 2018 23:19
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətdə cəmiyyətimizin ən həssas təbəqəsi sayılan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ön sırada dayanır.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” MMC-nin direktoru, politoloq Aynur Camalqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirib. Politoloq dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün tikilən yaşayış kompleksinin açılışına toxunaraq qeyd edib ki, Prezident öz ad günündə birinci xanım Mehriban Əliyeva ilə birgə Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün inşa edilən binanın açılışında iştirak etməklə cəmiyyətimizin bu həssas qrupuna qarşı münasibətini bir daha ortaya qoymuşdu, ötən gün isə 1005 məcburi köçkün və qaçqın ailəsi üçün nəzərdə tutulan 12 binadan ibarət kompleksin istifadəyə verilməsi mərasiminə qatıldı:

“4 hektar ərazidə tikilən bu 12 binadan ibarət kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, hətta polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa olunub. Bu, qaçqın və köçkünlərin dövlət başçısının qayğısı ilə əhatə olunduğunu bir daha təsdiqləyir”.

A.Camalqızı qeyd edib ki, Prezident İlham Əliyev bütün sosial vədlərinə sadiq qalan və onların icrasına şəxsən nəzarət edən lider kimi əvəzolunmazdır:

“Prezident İlham Əliyev 15 il əvvəl prezident seçkilərinin qalibi olaraq hakimiyyətə gələrkən qaçqın və məcburi köçkünlərə verdiyi vədlərdən qat-qat artığını reallaşdırır. Biz hər il bu vədin necə həyata keçirildiyinin şahidi oluruq. Bu illər ərzində 300 min qaçqın və məcburi köçkün ailəsi yüksək səviyyədə və hər cür məişət şəraiti yaradılan mənzillərlə təmin olunub. Cənab Prezident prezidentliyinin ilk dönəmində bildirirdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Artıq ölkəmizdə çadır şəhərciyi yoxdur. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün digər qruplardan olan insanların yaşadıqları mənzil şəraitindən də üstün olan mənzillər, binalar, komplekslər inşa olunub. Bu bir dövlət proqramıdır, dövlət siyasətidir. Dövlət bunu öz vətəndaşları üçün təmənnasız edir. Bu onu göstərir ki, Prezident İlham Əliyevin apardığı siyasət humanist siyasətdir və sözdən ibarət deyil, arxasında real iş dayanır. Azərbaycan insanının həyatının daha da rahatlaşdırılması, məişət qayğılarından azad olaraq firavanlıq içində yaşaması Prezidentin apardığı daxili siyasətin əsas hədəflərindəndir. Yəni onun apardığı siyasətin prioritetində Azərbaycan insanı, Azərbaycan vətəndaşı dayanır”.

Politoloq qeyd edib ki, Sumqayıtda açılışı olan və 1005 qaçqın və məcburi köçkün ailəsinin istifadəsinə verilən bu möhtəşəm kompleks xüsusi məna daşıyır:

“Bu, bir tərəfdən Yeni il ərəfəsində 1005 ailənin sevinci, onlara verilən ən böyük hədiyyə, dövlətin xüsusi qayğısının nümunəsidirsə, digər tərəfdən Prezidentin 2019-cu il mesajıdır. Prezident özü üçün dəyərli olan özəl günlərdə də, bayram ərəfəsində də qaçqınların, köçkünlərin və ümumiyyətlə, xalqın taleyini düşündüyünü, onların qayğısını hər an çəkdiyini göstərmiş oldu və bu prosesin, bu humanist siyasətin növbəti illərdə də davam edəcəyinə heç bir şübhə olmadığını bir daha təsdiqlədi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər