“Paşinyanın Rusiyaya səfərinə qədər bu ölkə ilə Ermənistan arasında gərginlik özünün pik həddinə çatdığından rus siyasətçiləri diplomatik tərzdə sərt mövqe ortaya qoyurdular”.
Bu sözləri Teleqraf.com-a Nikol Paşinyanın Rusiyaya səfərini şərh edən politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, öncə Lavrov Ermənistanla Rusiyanın ərazisindəki üçüncü bir dövlətin hərbi qüvvələrinin yerləşdirilməyəcəyi haqqında sənəd üzərində iş getdiyini qeyd etmiş, Paşinyan isə bunu təkzib edərək demişdi ki, bu məsələ Sarkisyanın zamanında olub:
“Daha sonra isə Rusiya xarici işlər nazirinin müavini Karasin açıq şəkildə Ermənistanı ittiham etmiş və ABŞ-ın Ermənistan siyasətini yönləndirdiyini bəyan etmişdi. Qeyd edərək demişdi ki, ümid edirəm Ermənistan özündə cəsarət tapıb müstəqil siyasət yeridə biləcək.
Yəni Rusiyanın mövqeyindən xəbər verən belə məqamlar onu göstərir ki, Rusiyada Paşinyanın siyasi yönünü müəyyənləşdirə bilirdilər. Təbii ki, təsir altından çıxmaq istiqamətində Paşinyanın cəhdləri Rusiyada çox ciddi narazılıqlara qarşılanır. Bu baxımdan da səfərin heç də Paşinyanın gözləntilərinə uyğun olmayacağı öncədən bəlli idi”.
Politoloq deyib ki, səfərdə əsas məqsəd ondan ibarət idi ki, Rusiya Paşinyana yerini göstərsin:
“Bildiyimiz kimi, səfər zamanı Rusiya prezidenti qələbə münasibətilə Paşinyanı təbrik etmədi və sadəcə olaraq ona uğurlar arzuladı. Bu artıq ən sərt şəkildə Rusiya prezidentinin Paşinyana münasibətinin açıq şəkildə göstəricisi idi. Səfərdən sonra Paşinyan qeyd edib ki, orada nə Qarabağ, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında danışıqlar olmadı. Yəni bu da gözlənilən idi. Çünki əsas məsələ Rusiya ilə Ermənistanın gələcək münasibətlərinin xarakterinin aydınlaşdırılmasından ibarət idi. Ümumi mənzərə ondan ibarətdir ki, bir mənalı olaraq Kremlidə Paşinyan arzu olunan şəxs deyil və Paşinyanın fəaliyyətinin Rusiya Ermənistan arasında gərginliyi daha da dərinləşdiriləcəyi haqqında fikir söyləmək olar. Çünki Paşinyanın səfərindən sonra Vladimir Putin Ermənistanın sabiq prezidenti və hazırda həbsdə olan Robert Köçəryana yeni il münasibəti ilə təbrik məktubu göndərib”.
“Hesab edirəm ki, bunun özü də Paşinyan üçün ciddi bir siqnaldır”, deyə qeyd edən Elşad Mirbəşiroğlu bildirib ki, görünür, Putin özü də Paşinyanla görüşdən razı qalmayıb:
“Putin artıq daha aydın başa düşür ki, Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan kənar güclər onun qarşısında əsas məqsəd kimi Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağı qoyublar. Bu baxımdan bütövlükdə Paşinyanın səfəri onun üçün kifayət qədər uğursuz oldu və ümumilikdə Ermənistan ilə Rusiya arasında gərginliyin daha da artacağı gözlənilir”.