29 Dekabr 2018 17:43
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müsahibəni təqdim edir.

- ABŞ Suriyadan ordusunu çıxarır, Türkiyə keçirmək istədiyi hərbi əməliyyatı sanki təxirə salmağa meylli kimi görünür, YPG Bəşər Əsədlə gizli danışıqlara gedir. Yaxın Şərqdə baş verən son prosesləri necə qiymətləndirmək olar?

- Regionda baş verən proseslər fonunda Türkiyə aparıcı gücə çevrilir. Bu proseslərin əvvəlində ABŞ-Türkiyə münasibətlərində ziddiyyətlər yarandı, FETÖ-nun dövlət çevrilişinə cəhdi, qarşılıqlı ittihamlar müşahidə edildi. Amma bütün bunlara baxmayaraq, regionda ABŞ-ın bir nömrəli müttəfiqi Türkiyədir və belə də davam edəcək. Bəziləri bilməyərəkdən, Türkiyə-Avropa münasibətləri, türk-anqlosaks münasibətləri haqqında danışır. Amma iş ondadır ki, Türkiyənin regionda oynadığı proseslər zaman baxımından yerində olan, daha etibarlı və zəmanətli proseslərdir.

Açığı, Yaxın Şərq ölkələrinin aparıcı xətti var idi, indi bu xətt dağılaraq sıradan çıxıb. Hazırda yeni dünya düzəni konteksində bölgədə yeni oyunçular və tərəfdaşlar ortaya çıxıb. Anqlosakların ən çox əlaqə qurduğu və gücə çevirdiyi qüvvə Türkiyədir. Bu mənada indi türkün itirilmiş mövqelərinin yenidən geri qaytarılması prosesi gedir. Unutmayaq ki, 18 əsrdə ruslarla anqlosakslar birləşərək, türkləri Avropadan, Balkanlardan və Qafqazdan vurub çıxırmışdılar. İstər Osmanlının, istərsə də Qacarların çökdürüməsində anqlosaks-rus birliyi mühüm rol oynayıb. İndi oyun qaydaları pozulub, Rusiya zəifləyib, imperiyanın çöküşünün ikinci dalğası yaşana bilər. MDB məkanında bu proses gedə və sonrakı mərhələdə proses Rusiyanın daxilinə keçə bilər. Rusiya ətrafında MDB halqası dağılır. Bununla paralel olaraq, Yaxın Şərq regionunda Türkiyənin mövqelərində güclənmə müşahidə olunur. Faktiki olaraq, ABŞ-ın regionunda ən güclü tərəfdaş ölkə standartına Türkiyə uyğun gəlir. Bu gün Türkiyənin qarşısında istər İraqda, istərsə də Suriyada dayanacaq qüvvə yoxdur. Türkiyənin hərbi sənaye kompleksini, hava müdafiəsini yenidən qurmasına, dəniz donanmasının gücünü artırmasına, ordunu modern silahla təchiz etməsinə və ən yeni texnologiyalara sahiblənməsinə təsadüfi hal kimi baxmaq səhv olardı. Üstəlik regiondakı dünya üçün əhəmiyyətli olan neft-qaz kəmərlərinin Türkiyə üzərindən geçməsi mühüm faktordur. Bu həm də Türkiyə üçün ciddi qarantdır. Türkiyənin itirilmiş mövqeləri geri qaytarmaq istəyi var və sizə deyim ki, buna görə heç bir qüvvə Türkiyə ilə üz-üzə gəlməyəcək.

- Türkiyə Suriyaya daxil olacaqmı?
- Əvvəla nəzərə alın ki, Türkiyə artıq çoxdandır ki, Suriyada mövcuddur. “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatı ilə Türkiyə Suriya ərazisinə daxil olaraq, orada hərbi kontingent saxlayıb. Hazırda Fəratın şərq hissəsində əməliyyat keçirmək niyyəti var. Bu məqsədlə Menbiç yaxınlığında toparlanma həyata keçirilir. Hesab edirəm ki, bu əməliyyat baş tutacaq. ABŞ ərazidən çıxır, ötən gün İsrail qırıcıları Dəməşq daxil olmaqla Suriyanı bombardman edib. Türkiyə ətrafda özünə heç bir təhdid yeri qoymayacaq. Bu, birmənalıdır. Gələcəkdə İranla, Rusiya ilə bağlı proseslər gözlənilir. Türkiyə faktiki olaraq bütün oyunların içində var. Menbiç istiqamətində isə təhlükəsizlik zolağı yaradılacaq və bu ərazilər uzun müddət Türkiyənin nəzarətində qalacaq.

- ABŞ nəyə görə qəfil qərar verərək, Suriyadan ordusunu çıxarmaq fikrinə gəlib?
- Faktiki olaraq bölgədə yeni oyun başlaya bilər. Gələcəkdə İranla bağlı proseslər, Rusiyanın faktiki sanksiyalara məruz qoyulması reallığı var. Fikrimcə, ABŞ Yaxın Şərqdə proseslərin Türkiyənin iştirakçılığı ilə olmasını daha effektiv hesab edir. Faktiki olaraq, ABŞ bölgədə Türkiyə ilə əməkdaşlıq yolunu seçdi. Amma ABŞ-ın gələcəklə bağlı bir neçə planı var və hazırda bu planla məşğuldur. Bu səbəbdən hesab etdilər ki, artıq Suriyada onların məşğul olacağı ciddi mövzu yoxdur. Onlara lazım idi ki, bölgə dağılsın, orada xaotik bir durum yaransın. Üstəlik bölgədə Türkiyənin gücünü artırsın, digər oyunçuların apardığı siyasəti bataqlığa salsın. İndi ABŞ sakit formada bu bataqlığı tərk edir. Gələcək enerji daşıyıcıları, maliyyə bazarlarını ələ keçirmək istəyən oyunçuların da qarşısını almış olur. Trampın hədəfində indi dolların mövqeyini daha da gücləndirmək, amerikalı seçicilərin mənafeyini müdafiə etmək və neftin qiymətini aşağı salaraq super gücə çevrilməkdir. Yaxın zamanlarda biz yeni oyunun şahidi olacağıq.

- Söhbət hansı oyundan gedir?
- Regionda İranla bağlı gedəcək proseslər var. İrana qarşı sanksiyalar və təzyiqlər mövcuddur. İran və Rusiya faktoru Qərbin siyasi gündəmində bir nömrəli məsələ kimi önə çıxmaqdadır. Yəni İran və Rusiyaya basqılar artacaq. İran daxilində ziddiyyətlərin gərginləşməsi prosesi ilə məşğul olacaqlar. Eləcə də Qərb MDB daxilində ciddi işləyəcək. İstər Ukraynada, istər Moldovada, istərsə də Gürcüstanda anti-Rusiya ab-havasını gücləndirməyə çalışacaqlar. Necə ki, indi bu proses Ermənistanda müşahidə olunur. Yəni bu istiqamətdə proseslər sürətlənəcək. İndi Rusiya və İran Qərbin əsas maraq dairəsinə daxildir. Bu qaçılmaz proses olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər