31 Dekabr 2018 17:45
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya açıq-aşkar Ermənistana təzyiq göstərir.

Bu sözləri Axar.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətində güzəştə getməməsi Paşinyana yaxşı bir dərsdir:

“Rusiyanın vaxtilə forpostuna verdiyi imtiyazlar artıq tarixə qovuşur. Bu günə qədər Ermənistanın işğalçı siysətinin arxasındakı əsas potensial məhz Rusiyanın dəstəyi idi. Rusiyanın dəstəyi ilə anneksiya siyasəti həyata keçirən işğalçı indi bundan da məmrum olmaq üzrədir. Görünən odur ki, Rusiya bu dəstəyini də geri çəkmək niyyətindədir. Kremlin Ermənistan üzərindən dəstəyini birdəfəlik çəkməyə hazırlaşmasının səbəbi heç də Paşinyanın qərbyönümlü siyasəti deyil. Ümumiyyətlə, Rusiya üçün Ermənistanın artıq heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan da Moskva çox sadə bir məntiq yürüdərək İrəvana satılan qazın qiymətində güzəştə getmir”.

T.Zülfüqarov Paşinyanın manevr imkanlarının daraldığını bildirib:

“Qarabağ klanı Rusiyanın mövqeyini dəstəkləyir. Ona görə də onlara qarşı sərt münasibət Rusiyada Moskvanın mövqeyinə qarşı addım kimi qəbul olunur. Bu baxımdan da Paşinyanın ruspərəst siyasət həyata keçirməsi üçün çərçivələr olduqca dardır”.

Sabiq nazirin fikrincə, Ermənistan qərbpərəst siyasət yürütməyə məcburdur:

“Çünki onlar başa düşürlər ki, Rusiyadan yeni bir şey almaq mümkün deyil. Digər tərəfdən, Rusiya da öz forpostuna investisiya qoymaq istəmir. Ermənistan bu illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaya-saxlaya inkişafdan məhrum olub. Ermənistan iqtisadi və sosial vəziyyəti sovet dönəmindən bu yana dəyişməyib. İkincisi, Ermənistanda depopulyasiya siyasəti də çox güclüdür. Təsəvvür edin, Ermənistanın əhalisinin sayı iki dəfə azalıb. Ermənistanda sonuncu parlament seçkilərində seçici fəallığının iki dəfə az olması da bunu birmənalı təsdiq edir. Buna görə də Ermənistan yalnız Qərbin himayəsinə və investisiyasına ümid edir. Açığı, İrəvan bu siyasəti aparmağa məcburdur. Paşinyan gec də olsa da, anladı ki, iki stulda oturmaq mümkün deyil. Onun Rusiyaya səfərinin uğursuzluğu da buna sübutdur. Mosva İrəvana hələ çox xəyal qırıqlığı yaşadacaq”.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı köhnə radikal mövqeyi Moskva üçün qəbuledilməzdir:

“Bu bir növ İrəvana açıq siqnaldır ki, gedin başınızın çarəsinə baxın. Yəni Moskva Paşinyana əməlli-başlı yerini göstərib”.

Sabiq nazir qeyd edib ki, təkcə Rusiya deyil, eyni zamanda, Türkiyə də Ermənistana yerini göstərib:

“Ermənistan hazırda təklənmiş vəziyətdədir, çünki Azərbaycanın digər dostları və müttəfiqləri də İrəvandan uzaq dururlar. Özünü arxayın hesab edən və mitinqlərdə təcrübə yığan Paşinyan vədlərini asan yollarla həyata keçirəcəyini düşünürdü, ancaq o yanıldı. Hesab edirəm ki, Rusiyanın qoyduğu ciddi şərtlərdən Paşinyan bir dərs çıxaracaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər