8 Yanvar 2019 18:44
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hamı çox gözəl başa düşür ki, ABŞ və İsrailin dəstəyi olmasaydı, kürdlərin muxtariyyəti barədə heç kim söhbət belə etməzdi. Ancaq onların dəstəyi nəticəsində hazırda Suriya gündəmində kürdlərin muxtariyyəti məsələsi açıq-aydın özünə yer alır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, İraqda kürdlərin muxtariyyəti ABŞ-ın dəstəyi ilə ərsəyə gəldiyi kimi, Suriyada da o cür ərsəyə gəlir:

“Kürdlərə muxtariyyət vermək, onların kvazidövlətinin yaranmasını dəstəkləmək ABŞ və İsrailin layihəsidir. Bolton Türkiyənin İraq kürd muxtariyyətini qəbul etdiyi kimi, Suriyada da bunu qəbul etməsinə çalışır. Ancaq Məsud Bərzani ilə Suriya kürdlərinin mövqeyindəki bir prinsipial fərq ondan ibarətdir ki, Bərzaninin PKK ilə münasibətləri çox pis idi. Suriya kürdləri isə PKK ilə eyni siyasi və hərbi-siyasi qanad təşkil edirlər. Türkiyənin Suriya kürdlərinin muxtariyyəti məsələsinə dəstək verməsi bu səbəbdən mümkün deyil. Çünki PYD PKK ilə eyni qurumdur”.

İ.Vəlizadə qeyd edib ki, nəticə etibarı ilə bunu istəyən siyasi xadimlə, indiki halda Boltonla görüşməyin də mənası yoxdur:

“Digər tərəfdən, Suriya kürdləri ABŞ-ın əlində digər ölkələrə, yaxud digər siyasi oyunçulara qarşı bir alətdir, təzyiq vasitəsidir. Ruslar Suriya kürdləri ilə hansısa münasibət qurmağa çalışırlar. Ancaq heç onlarla da bu münasibət alınmır. Çünki onlar Amerikanın sözü ilə oturub-dururlar. Onların Rusiya ilə münasibətləri o zaman yaxşı olar ki, Vaşinqton buna icazə versin. Bax, belə bir vəziyyətdə, belə marionet qurumla, siyasi qrupla, onların siyasi rəhbərləri ilə münasibət qurmasının Türkiyə üçün nə dərəcədə münasib olması sual altındadır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşməkdən imtina edib.

Türkiyə Prezidenti bunu C.Boltonun qalmaqallı açıqlaması ilə əlaqələndirib. Ərdoğan deyib ki, C.Boltonun İsraildə olarkən verdiyi mesajı qəbul etmək, bunu unutmaq mümkün deyil.

C.Bolton İsraildə olarkən, jurnalistlərə açıqlamasında “Türkiyə kürdləri qoruyacağı, onların təhlükəsizliyinə təminat verəcəyi halda ABŞ öz hərbçilərini Suriyadan çıxaracaq” deyib.


Müəllif: Səxavət