9 Yanvar 2019 10:04
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbəri Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı nəzarətdə saxlamaq üçün iki üsuldan istifadə edir: ya özü tez-tez Xankəndinə gəlir, yerindəcə həm nəbz yoxlaması həyata keçirir, həm də əsgər oğluna baş çəkir, ya da Saakyanı İrəvana çağırıb Ermənistan paytaxtında müxtəlif mövzuları müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Paşinyan separatçıların dəstəyini qazanmaq üçün üçüncü “üsul” da icad edib:

“Paşinyan xarici ölkələrə təyin etdiyi səfirləri Xankəndinə göndərir ki, erməni diplomatlar separatçıların “istək və arzularıyla” yerindəcə tanış olsunlar.

Məsələn, Paşinyanın Avstriyaya təyin etdiyi Armen Papikyan dekabrın 17-də Xankədinə gələrək Bako Saakyanla görüşüb. Məqsəd aydındır. Paşinyan bununla demək istəyir ki, təyin etdiyi səfirlər xarici ölkələrdə “Dağlıq Qarabağ Respublikasının” maraqları üçün də çalışmalıdırlar.

Təsadüfi deyil ki, tez-tez xəbərlər gəlir ki, hansısa ölkədə Qarabağ separatçıları sərgi keçirdilər və ya mallarını satmağa çalışırlar. Bütün bunları həmin ölkələrdə çalışan erməni səfirlər təşkil etməyə çalışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu