9 Yanvar 2019 11:47
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidentinin müşaviri Con Boltonun görüş təklifini rədd etməsi iki ölkə münasibətlərinə necə təsir göstərəcək?

- ABŞ açıq-aşkar bildirdi ki, terrorçuları dəstəkləyəcək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunun ölkəsinin milli maraqlarına zidd olduğunu dedi. Ərdoğan Con Boltonla görüşün əhəmiyyətsiz olduğunu bəyan elədi. O, bu qərarında tamamilə haqlıdır. ABŞ birmənalı şəkildə kürdləri dəstəkləyəcəyini bildirir, onsuz da Türkiyə kürdləri qoruyur və dəstəkləyir, söhbət ABŞ-ın terrorçuları stimullaşdırmasından gedir. Bu isə Türkiyənin maraqlarına uyğun deyil. Con Bolton Türkiyənin kürdlərin təhlükəsizliyinə zəmanət verəcəyi halda ABŞ-ın öz hərbçilərini Suriyadan çıxaracağına dair açıqlamasından sonra onu qəbul etməyin nə mənası olacaqdı? Bütün hallarda Türkiyənin mövqeyi prinsipial və haqlı mövqedir. “Fərat qalxanı” əməliyyatından sonra yaranmış situasiyada da göründü ki, soyqırımı dayandırdı, bölgəyə 300 mindən artıq insan qayıdıb təhlükəsiz şəraitdə yaşamağa başladı. Türkiyəyə qarşı çıxış edən qüvvələr özləri də gördülər ki, həqiqətən də rəsmi Ankara bu məsələdə haqlıdır. Ona görə də Ərdoğanın Boltonun görüşünü rədd etməsi barədə qərarının əleyhinə danışmaq doğru deyil.

- Bəs heç də isti olmayan ABŞ-Türkiyə əlaqələrinin perspektivi necə olacaq?

- ABŞ-Türkiyə əlaqələri kifayət qədər ciddi xarakter daşıyır. Birləşmiş Ştatlar da başa düşür ki, bölgədən çəkildikdən sonra Türkiyə ilə müttəfiqlik olmasa, onun da maraqlarına böyük zərbə dəyəcək. Ona görə də özü də bu addımı atmağa bir neçə dəfə maraq göstərdi. Amma sonrakı prosesdə ABŞ-ın siyasəti anlaşılmaz siyasətə çevrildi, yenə də “terrorçuları dəstəkləyirəm” tezisi gündəmə gəldi, bu da Türkiyənin marağına uyğun olmadığına görə sərt reaksiya ilə qarşılaşdı. Ona görə də nə qədər ki belə addım olacaq, Türkiyənin yanaşması dəyişməyəcək.

- Yenidən sanksiya və ya iqtisadi rıçaqlar vasitəsilə Türkiyəni sıxışdırma halları ola bilərmi?

- Ola bilər, amma bu, Türkiyə üçün artıq böyük əhəmiyyət kəsb eləmir. ABŞ əlindən gələni elədi və Türkiyəni bu prosesdən kənarlaşdırmaq mümkün olmadı. Türkiyə bütün gücünü ortaya qoydu, həmrəylik nümayiş etdirərək məsələni çözməyə çalışdı.

- Türkiyənin Fəratın şərqində elan etdiyi əməliyyatlarla bağlı düşüncələriniz nədir? Hansı nəticələri olacaq?

- Orada Türk ordusunun qabağında duracaq güc olacağını təsəvvür eləmirəm. Təbii ki, Türkiyə bu prosesi Rusiya ilə koordinasiyalı şəkildə etməlidir ki, mövcud rejimin qüvvələri ilə hər hansı toqquşma olmasın. Amma bütövlükdə bu, zəruri addımdır və Türkiyə də bu addımı atmağa davam edəcək.

- Rusiyanın hərbi polis qüvvələrinin Menbiç ətrafında patrul xidmətini həyata keçirməyə başladığına və bunun Türkiyəyə qarşı yeni oyun olduğuna dair informasiyalar yayılıb. Bu fonda proses hansı istiqamətdə dəyişəcək?

- Türkiyə bu məsələdə Rusiyanın mövqeyinin bu dərəcədə dəyişəcəyini proqnozlaşdırmır. Rusiya Türkiyəyə qarşı hansısa aqressiv siyasət yürütməyə maraq göstərmir.

- Əksi baş versə, Türkiyə hansı addımı atacaq?

- Əksi baş versə, Türkiyənin maraqlarını nəzərdə tutan addımların atılmaması Rusiyanın özünün də bölgədə çətinliklərlə qarşılaşmasına səbəb olacaq. Çünki bu da sınaqdan çıxıb, Rusiya da Türkiyənin bu məsələdə nə dərəcədə önəmli olduğunu qəbul elədi. Zarafat deyil, ABŞ ordusu bölgədən çəkilir və burada nəzarətsiz qüvvələr hərəkət eləməyə başlayır. Belə vəziyyətdə Türkiyənin özü də buna yol verməz, həm də Rusiyanın özü üçün də maraqlıdır ki, bölgədə nəzarətsiz qüvvələr qalsın və hökumətin nəzarətini bu istiqamətdə təmin etməyə köməklik göstərmək üçün rus qüvvələri orada yerləşib. Çox güman ki, buna da davam edəcəklər.

- ABŞ rəsmiləri Suriyadan çıxmağa dair bəyanatdan sonra tələsmədiklərini açıqladılar və Bəşər Əsədə ultimatum göndərildi ki, bu, ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən döndüyünü ifadə etmir. ABŞ-ın Suriyadan çıxma prosesi dayana və ya ləngiyə bilər?

- Yox, bu proses ləngiməyəcək, ABŞ ordusu çıxacaq, çünki Suriyaya nə məqsədlə və niyə gəldiyini aydınlaşdıra bilmədi. Birləşmiş Ştatlar geri çəkilmək məcburiyyətindədir, amma hərbi hava müdaxilələrinin olması istisna deyil. Hər halda bölgədə öz varlığını göstərmək üçün belə addımlara əl atması mümkündür. Onun üçün nədir ki, 10 raket atəb məsələni bu kontekstdən həll edə bilər.

- Ancaq ABŞ əksini iddia edir, İŞİD-in 99 faiz məhv edildiyini söyləyir...

- İŞİD məhv edilmədi, ABŞ-ın yaradığı qüvvə olaraq təlimatla yoxa çıxarıldı. İstənilən vaxt İŞİD formatı yenidən yaradıla bilər.

- Hazırda Suriyada problemin çözüm yolu nədədir?

- Suriyada problemi çözmək istəmirlər, buna maraq göstərmirlər. Bölgə xaotik vəziyyətdə olmalıdır ki, onun üzərində bu formada nəzarəti gerçəkləşdirsinlər. Ona görə də problem birbaşa məsələni çözməməklə bağlıdır, başqa səbəbi yoxdur. Onlar da bölgədə belə vəziyyət yaratmaqla Yaxın Şərqdə silahların sınaqdan çıxarılmasını, İranla bağlı məsələdə nəzarətsiz tampon bölgələrin yaradılmasını daha real və vacib yol saydıqlarına görə bu siyasəti davam etdirirlər. Suriyaya nəyisə çözməyə gəlsəydilər, tamamilə başqa cür davranardılar, ölkədə islahatlar aparıb müəyyən yeniləşməyə nail ola bilərdilər. İraqa da, Liviyaya da, Suriyaya da ancaq xaos niyyəti ilə gəldilər və buna da nail oldular.

- Bəşər Əsəd rejiminin ömrü nə qədər çəkəcək?

- Bəşər Əsəd rejiminin ömrü Rusiya və İrandan asılıdır. Onlar nə qədər dəstək verəcəksə, o, Suriyada oturacaq. Bu ölkələr onun arxasından çəkilsə, təbii ki, öz gücü ilə hakimiyyətdə qalma imkanına sahib deyil.

- Bəs ABŞ hərbçilərinin Əfqanıstandan çıxmasının hansı nəticəsi olacaq?

- ABŞ Əfqanıstanda da istədiyinə nail olub. “Taliban” qüvvələri ilə ikili oynayır. ABŞ həm hökuməti, həm də “Taliban” ı dəstəkləyir. Söhbət bölgədə yaradılan xaosda həmişə ABŞ-a ehtiyac olacaq bir durumdan gedir. Nə qədər qarışıqlıq olacaqsa, o qədər çox silah satılacaq, savaş meydanı olacaq, bu da ABŞ hərbi silah sənayesi üçün vacib amildir. Əfqanıstan 50 ildir ABŞ-ın bu cür təcrübə vassalıdır.


Müəllif: Nərgiz Ehlamqızı