11 Yanvar 09:12
835

ABŞ indi həm Suriyada İŞİD problemini həll etmiş kimi görünməyə çalışır, həm də Türkiyə və bölgə dövlətlərinə təhdid yaradan PYD/PKK-nı müdafiə etmək xətti yürüdür. Təbii ki, bölgə dövlətlərini bu, razı sala bilməz.

Bu fikirləri Teleqraf.com-a siyasi analitik Oqtay Qasımov ABŞ-ın Suriyadakı vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, mövcud situasiyada ən ciddi narahat olan ölkə Türkiyədir: “Bu, başa düşüləndir. Nəzərə almaq lazımdır ki, ABŞ PYD/PKK vasitəsilə Suriya-Türkiyə sərhədinin böyük qismini nəzarət altında saxlayır. Bu, ABŞ və PKK-nın gələcək planlarının reallaşması üçün bir mərhələ ola bilər. Ankaranı ciddi narahat edən və onun ərazi bütövlüyünü təhdid altında saxlayan bu məsələdir.

Odur ki, Türkiyə ABŞ-ın indiki mövqeyi ilə razı deyil. Öz narazılığını həm rəsmi, həm də qeyri-rəsmi şəkildə ABŞ-ın diqqətinə çatdırır”.

Oqtay Qasımov əlavə edib ki, hazırda Suriyada durum qeyri-müəyyəndir: “ABŞ-ın Suriyada nə etmək istədiyi özündən başqa heç bir mərkəzə məlum deyil. Türkiyəni də narahat saxlayan bu qeyri-müəyyən vəziyyətdir.

Ankara öz dövləti maraqlarını nəzərə alaraq incə siyasət yürütməlidir. ABŞ həm Suriyada xoşməramlı görünmək, NATO-dakı müttəfiqi olan Türkiyə ilə əlaqələri düzəltmək, həm də Ankaranı Rusiyadan ayıraraq özünə yaxınlaşdırmaq istəyir. Suriyada ABŞ, Rusiya və İsrailin də maraqları var. ABŞ-ın addımlarına bu prizmadan yanaşmaq lazımdır.

Digər tərəfdən, Rusiyanın mövqeyi də maraqlıdır. Açığı, indiyə qədər Rusiya qəti mövqeyini ifadə etməyib. Fikrimcə, ABŞ bir mərhələdə PYD/PKK məsələsini Rusiya ilə uzlaşdıra bilər.

PYD ilə bağlı Rusiyanın da müəyyən maraqları var. PYD Rusiyanın bölgədə maraqlarını həyata keçirməsi üçün vasitə ola bilər”.

Analitik xatırladıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun açıqlamaları Türkiyə tərəfindən ciddi etirazla qarşılanıb: “Hesab edirəm ki, PYD məsələsi ABŞ-Türkiyə münasibətlərində gərginliyi artıracaq. Yəni bu iki ölkə arasında sərt açıqlamalar, diskussiyalar davam edəcək”.


Müəllif: Cavad
loading...