11 Yanvar 2019 16:23
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyadakı hərbi qüvvələrini tamamilə çıxaracağını düşünmürəm.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, Suriyadakı ABŞ hərbi qüvvələrinin çıxarılması ilə bağlı 120 günlük müddət nəzərdə tutulub:

“Amma Mayk Pompeo və Con Boltonun bölgəyə səfərləri göstərdi ki, ABŞ regionda öz hegemonluğunu saxlamağa çalışır. Sadəcə olaraq, ABŞ İran və Rusiyanın bölgədəki fəaliyyətlərini lokallaşdırmağa cəhd edir. Buna görə də, Türkiyə istədiyi əməliyyatı keçirə bilmir.

Bundan başqa, ABŞ Astana və Cenevrədə Suriya üzrə keçirilən danışıqlardan razı deyildi. Çünki görüşlərdə iştirak etməmişdi. Hələlik Suriya problemi həlsiz qalıb və qalmağa davam edir”.

Arzu Nağıyev bildirib ki, ABŞ öz inhisarında olan bir sıra birləşmələrin – PYD/YPG qüvvələrinin heç birini Suriyadan geri çəkməyəcək: “Sadəcə olaraq, bəyanatlar verir. Son səfərlər də göstərdi ki, ABŞ bölgədə güclənmək niyyətindən imtina etməyib. 120 gün müddəti onun üçün nəzərdə tutulub ki, bu vaxt ərzində müəyyən hərbi-siyasi addımlar atılsın. Ankaraya gələn Con Boltonun Türkiyə Prezidenti Ərdoğan tərəfindən qəbul edilməməsinin əsas səbəbi bundan ibarət idi”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı hərbi qüvvələrin çıxarılması prosesinin başladığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu