11 Yanvar 2019 17:27
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müxtəlif siyasi qüvvələr, o cümlədən oliqarxlar arasında da Rusiyaya münasibətdə fərqli düşünənlər var. Bir qrup Ukrayna dövlətini və hakimiyyəti dəstəkləyir, Donbasda separatçılara qarşı mübarizəyə maliyyə ayırır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, məsələn, məşhur oliqarx İqor Kolomoyski Ukrayna ordusu dağılanda, separatçılar rayonları bir-bir ələ keçirəndə öz pulu hesabına milli qvardiyalar formalaşdırdı, onları silahlandırdı, digər təchizat işlərini həyata keçirdi və beləliklə işğalı genişlənməyə qoymadı:

“Düzdür, sonradan Petro Poroşenko ilə sözü çəp gəldi və xaricdə sığınacaq tapmalı oldu. Amma yenə də Ukraynada siyasi proseslərə təsir edə bilir. Başqaları da var. Məsələn, Dmitri Firtaş, tatar əsilli Rinat Axmetov kimi oliqarxlar da ölkədə siyasi proseslərə təsir etmək gücündədir. Onların bir çoxunun təkcə Ukraynada deyil, xariclə, o cümlədən Avropa və Amerika ilə müəyyən əlaqələri var.

Həmçinin, ABŞ-dakı tanınmış seçki texnoloqlarının da Ukrayna ilə bağlılığı gizli deyil. Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokurorun bu əlaqələrin bir həlqəsi kimi Ukrayna ilə də bağlantıları araşdırması mümkündür. Ancaq çox maraqlıdır, Ukrayna ilə o bağlantılar araşdırılır ki, inauqurasiyada iştirak edən şəxslərin Rusiya ilə nə kimi əlaqələri var.

“Nyu-York Tayms”da gedən məqalədən anlaşılan budur. Çünki Ukraynada hakimiyyətə dəstək verən oliqarx və ya deputat gedib Trampdan, yaxud onun adamlarından rəsmi Kiyevə Rusiya ilə dostlaşmaqla bağlı təzyiq etməyi xahiş etməz. Bunu ancaq o qüvvələr edə bilər ki, onların Rusiya ilə birbaşa bağlılığı olsun”.

E.Şahinoğlu Ukraynada belə qüvvələrin olduğunu müşahidə etdiyini vurğulayıb:

“Onlar zəif də deyillər. Məsələn, oliqarx Viktor Medvedçuk Putinin yaxın dostudur. Onun Ukrayna hakimiyyəti ilə də müəyyən münasibəti var. Rusiyada həbsdə saxlanılan Ukrayna Silahlı Qüvvələrinin keçmiş hərbi qulluqçusu Nadejda Savçenko məhz Medvedçukun vasitəçiliyi sayəsində həbsdən azad edildi.

Medvedçuk hazırda Ukraynanın ən məşhur iki telekanalını alıb. Həmin telekanallarda seyrçilərə daha çox Rusiya ilə yaxınlaşma mövqeyi təlqin edilir. Yəni, belə şəxslər var. Belə şəxslərin yaxın keçmişdə Tramp və onun adamları ilə əlaqəyə girməsini mən istisna etmirəm”.

Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Donald Trampın ABŞ prezidenti seçilməsində Rusiya izini araşdıran xüsusi prokuror Robert Müller təhqiqata 2017-ci ildə inauqurasiyada iştirak etmiş ukraynalıları da cəlb edib. Qəzetin məlumatına görə, təntənəli mərasimlərdə iştirak etmək üçün Vaşinqtona Ukraynadan onlarla siyasi xadim və biznesmen gəlib. Onlardan bəziləri nüfuzlu respublikaçılarla, Konqres üzvləri ilə və prezident Trampın yaxın tərəfdarları ilə görüşüblər. Ukraynalıların bu qisminin Moskvaya simpatiya bəslədiyi güman edilir.

“Vaşinqtona gələn bəzi ukraynalılar, yaxud onların tərəfdarları böyük bazarlığın edilməsinə və ya sanksiyaların aradan qaldırılmasından sonra Rusiyanın maraqlarına cavab verən “sülh planı”nın irəlilədilməsinə çalışıblar”, – deyə yazıda qeyd olunub.


Müəllif: Səxavət Həmid