12 Yanvar 2019 09:48
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünya praktikasından məlumatı yoxdur. Münaqişə vəziyyətində olan millətlərin nümayəndələri adətən bir-birinin dövlətinə səfər etmirlər. Bu rəsmi olmasa da, qeyri-rəsmi qəbul edilən praktikadır”.

Bu sözləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son bəyanatını şərh edərkən deyib.

Fikrət Sadıqov qeyd edib ki, münaqişə tərəfi olan dövlətlərin millətlərinin bir-birinin ərazisinə səfər etməməsi praktikasından bir çox dövlətlər istifadə edir:

“Bu, əvvəllər də olub, indi də belədir. Bir çox dövlətlər bu təcrübədən istifadə edir. Əgər biz Azərbaycanla Ermənistanla müharibə şəraitindəyiksə, müəyyən tədbirlər görə bilərik. Biz demirik ki, bura gələn ermənilər cinayətkardır və ya düşməndir. Ancaq biz onların Azərbaycan səfərinin əsil niyyətlərini də bilmirik. Öz təhlükəsizliyimizi təmin etmək naminə bizim torpaqlarımızı işğal edən xalqın nümayəndələrini qəbul etmirik. Bu qədər sadə və anlaşılan yanaşma sərgiləyirik. Biz özümüz də axı Ermənistana səfər etmirik. Bəyəm Rusiya vətəndaşı olan azərbaycanlılar Ermənistana səfərlər edirlər? Əgər belə səfərlər olsaydı, ermənilərin də bura gəlişi başa düşülən ola bilərdi”.

Politoloq əlavə edib ki, əgər Rusiya XİN və xanım Zaxarova məsələnin həllini istəyirsə, Ermənistana təzyiq etsin:

“Heç olmasa Ermənistan konstruktiv addım atsın, işğal edilən torpaqları azad etməyə başlasın. Yoxsa onlar bir vətəndaşın Bakıya buraxılmamasından yapışaraq bu informasiyanı qabardırlar. Buraxmamşıqsa, deməli, düzgün etmişik. Biz, bu ölkə ilə münaqişədəyik. Bunun Zaxarova və Rusiya XİN-in səviyyəsinə qaldırmağa dəyməz. Buna ehtiyac da yoxdur. Sadəcə olaraq, bunu şişirtməyi və ondan faydalanmağı kimsə istəyir. Əslində belə də olmalıdır və bundan sonra da Bakıya hansı məqsədlə gəldiyi bilinməyən erməni millətinin nümayəndələri geri qaytarılmalıdır”.

Qeyd edək ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığı haqda danışıb.

O deyib ki, erməni əsilli şəxslərin Bakıya buraxılmaması diskriminasiya halıdır. Onun sözlərinə görə, 2018-ci ildə azı 16 erməni mənşəli Rusiya vətəndaşı Bakıya buraxılmayıb.


Müəllif: Cavad