11 Yanvar 22:24

Prezident İlham Əliyev ilk dəfə deyil ki, belə bir fikir söyləyib. O, dəfələrlə bildirib ki, Azərbaycan dövləti heç vaxt torpaqlarının işğal olması faktı ilə barışmayacaq. Azərbaycan Ordusunun imkanlarının artırılması, xalqımızın bu məsələdə vahid mövqedən çıxış etməsi bunun sübutudur.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı söylədiyi “Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq” fikrini şərh edərkən deyib.

Elman Məmmədov qeyd edib ki, prezident bütün beynəlxalq tədbirlər və görüşlərdə Azərbaycanın mövqeyini birmənalı olaraq ifadə edir: “Azərbaycan xalqı, beynəlxalq qurumlar və həmsədr ölkələrin diqqətinə daima çatdırılıb ki, Azərbaycan dövləti bir qarış da olsun torpağını işğal altında qoymayacaq, biz işğal faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. İlkin vasitə olaraq biz hazırda sülh danışıqları formatını görürük. Bu səbəbdən də beynəlxalq qurumlardan, həmsədr dövlətlərdən gözləyirik ki, fəaliyyətlərini gücləndirib ədalətli mövqe tutsunlar. Əgər həmsədr ölkələr bizim ərazi bütövlüyümüzü tanıdıqlarını və buna hörmətlə yanaşdıqlarını deyirlərsə, bu sözləri əməlləri ilə sübut etsinlər. Biz hələlik bunun baş verdiyini görmürük”.

Deputat qeyd edib ki, əgər beynəlxalq qurumlar, həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini əməli formada nümayiş etdirməsə, işğal olunan ərazilərin işğaldan azad edilməsinə cəhd göstərməsə, bu zaman Azərbaycan başqa varianta əl atmalı olacaq:

“Bizim kifayət qədər imkanımız və gücümüz var. Torpaqlarımızı işğaldan azad etmək üçün imkanlar var. Cənab prezident də bunu dəfələrlə bəyan edir və səsləndirir. İlham Əliyevin prezidentliyi dövründə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün təkcə bölgənin deyil, dünyanın nüfuzlu və güclü dövlətlərindən birinə çevrilib. Biz torpaqlarımızı işğaldan azad etmək üçün bu illər ərzində böyük dövlətlərdən kifayət qədər hüququ baza əldə edə bilmişik. Yəni Qarabağla bağlı sənədlər, qərarlar, qətnamələrin qəbuluna nail olmuşuq. Bu da bizim üçün vacibdir. İndi sözdən əmələ keçmək vaxtıdır. Azərbaycanın da bunun üçün güc və imkanları var. Prezident haqlı olaraq bunu bəyan edir. 2019-cu ildən gözləntilərimiz var. Ümid edirik ki, münaqişə ilə bağlı irəliləyiş baş verəcək, nəticə olacaq”.


Müəllif: Teleqraf.com
Загрузка...