“2019-cu ilin “Nəsimi İli” elan olunması müsbət hadisədir. Nəsimi Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, fəxr ediləsi qələm adamıdır”.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov 2019-cu ilin “Nəsimi İli” elan olunmasına münasibət bildirərkən deyib.
Professor əlavə edib ki, Azərbaycan üçün İmadəddin Nəsiminin böyük dəyəri var və bunu hər kəs qəbul edir:
“Hesab edirəm ki, Nəsimi məsələsinə ciddi yanaşanda aydın olur ki, bu şəxsiyyət təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının dəyəridir. Çoxu Nəsimini şair kimi tanısa da, mən onun filosof kimi təqdim edilməsinin tərəfdarıyam. Nəsiminin Divanını oxuyub anlamaq üçün onun sətiraltı demək istədiyi fikirlərdən insanın xəbəri olmalıdır”.
Dilçi alim bildirib ki, islamın tüğyan etdiyi dövrdə Nəsiminin dəyərli fikirləri olub:
“Bu mənada Nəsimi hələ öyrənilməlidir. Onun ideyası, dünyaya baxışı, demək istədiyi sözlər dərindən öyrənilməlidir. Nəsimi bizim ədəbiyyat tariximizdə böyük rolu olan adamıdır. Nə xoş, 2019-cu ilin “Nəsimi İli” elan olunmasına. Yəqin ki, bu ildə Nəsimi ilə bağlı təhqiqat işləri aparılacaq, yeni kitablar da yazılacaq.
Hesab edirəm ki, bu işlər bizim mədəniyyətimiz üçün lazımdır. Ümid edirəm ki, ciddi tədqiqatlar olacaq. Vurğulayım ki, iş naminə iş görməklə Nəsimini dərindən açmaq mümkün deyil. Ciddi araşdırmalar vacibdir. Məsələn, Rəhim Əliyevin şairlərin dili barədə konsepsiyası var. Bu maraqlı və fəlsəfi görüşlərdən ibarət konsepsiyadır. Məncə, yeni söz və fikir deyə biləcək mütəxəssislərə şərait yaradılsa, ciddi əsərlər ortaya qoyulacaq”.