12 Yanvar 2019 13:17
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uzun illər Ermənistanda iqtidarda olan Respublika Partiyasının seçkiləri saxtalaşdırdığı, özünə topladığından daha çox səs faizi yazması artıq həqiqətdir. Əslində hakimiyyət iqtidar deməkdir və iqtidar da seçkini öz arzularına uyğun şəkildə keçirə bilir. Ermənistanda bunu müşahidə etmişik. Ermənistanda ötən il keçirilən və nisbətən obyektiv olan parlament seçkilərində Respublika Partiyası 4,7 faiz səs alaraq seçki baryerini keçə bilməyib. Bu göstərir ki, Respublika Partiyasının iqtidarı zamanı seçkilər birmənalı saxtalaşdırılıb”.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

Əlavə edək ki, ötən gün Nazirlər Kabinetinin toplantısı zamanı Prezident İlham Əliyev də bildirib ki, beynəlxalq qurumlar uzun müddət Ermənistanda keçirilən seçkilər zamanı saxtakarlığa göz yumub və Respublika Partiyasının həyata keçirdiyi saxtakarlığa faktiki demokratik don geyindirib.

Professor Qabil Hüseynlyə görə, Ermənistanda keçirilən sonuncu seçki göstərir ki, əvvəlki erməni hakimiyyəti seçkilərin saxtalaşdırılması taktikasından geniş istifadə edib:

“Təəccüblüdür ki, Azərbaycan və Orta Asiya ölkələrini tez-tez hədəfə alan beynəlxalq təşkilatlar, Qərbin bir sıra təsisatları Ermənistanda olan seçkilər haqqında mənfi mövqe ifadə etməyib. Doğrudur, seçkilərin ideal olduğunu deməsələr də, seçkilərdə ciddi qanun pozuntularını, saxtakarlığı, karusel əməliyyatlarını görmək istəməyiblər. Və beləcə saxta seçkilərə mənfi münasibət bildirməməklə prosesin normal və bəlli standartlara uyğun olması haqda təsəvvürlər yaradılıb.

İndi Paşinyanın keçirdiyi seçkilər göstərdi ki, kiçik partiyalar seçki baryerini keçsə də, Respublika Partiyası 4,7 % səs əldə edə bilməyib. Başqa sözlə, Sərkisyan və Köçəryan rejimi uzun illər seçkini saxtalaşdırıb. Seçkiyə nəzarət funksiyasını həyata keçirən Avropa Şurası, ATƏT, Venesiya Komissiyası isə seçkinin nəticələrinə seyrçi mövqedə yanaşıb. Halbuki indi ABŞ-ın seçki sistemində çatışmazlıqları haqqında danışmaq mümkündür. Lakin seçkiyə nəzarət funksiyasını həyata keçirən beynəlxalq qurumlar Ermənistanda seçkilər məsələsində susublar. Və bununla da Respublika Partiyasının keçirdiyi saxta seçkilərlə həmrəy olublar. Bunlar Ermənistana əlahiddə münasibət bəsləyiblər. Bu faktiki ikili standart olmaqla yanaşı, hansısa əlaqələrin olduğunu deməyə əsas verir”.


Müəllif: Cavad