12 Yanvar 2019 21:27
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edənə qədər Ermənistan vətəndaşları və ölkəmizin təhlükəsizliyini təhdid edən digər dövlətlərin vətəndaşlarına qarşı həssas siyasət aparmaq məcburiyyətində qalıb. Çünki bu, bizim təhlükəsizlik məsələmizdir”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Deputat təəssüflə qeyd edib ki, Mariya Zaxarova bu məsələni ümumi təhlükəsizlik kontekstində deyil, erməni eynəyindən baxaraq qiymətləndirib:

“Bu tipli açıqlamalar əslində Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Qeyd edim ki, yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda M.Zaxarovanın sözügedən bəyanatı və hansısa fərdi məsələnin ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri yolverilməzdir.

İkincisi, əgər doğrudan da hansı bir ölkə vətəndaşının başqa ölkəyə səfər etməsi təhlükəsizliyi təhdid etmirsə, nədən Rusiya vətəndaşı olan Şahbaz Quliyev dədə-baba torpağında həbs edilib və uydurma erməni məhkəməsi qarşısına çıxarılıb? Axı Şahbaz Quliyev də Rusiya vətəndaşıdır. Yaxşı olardı ki, xanım Zaxarova bu məsələ haqqında düşünsün, bu qanunsuz həbsi şərh etsin. Nədən Rusiya vətəndaşı öz tarixi vətəninə səfər edir və bu zaman hansısa qondarma qurum onu həbs edərək məhkəməyə çıxarır? Əslində Mariya Zaxarovanın qiymətləndirməsi ikili standart və məsələyə erməni eynəyi ilə baxmaqdır.

Təbii ki, ayrı-ayrı məmurların mövqeyi sərt və ya yumşaq ola bilər. Əsas odur ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya-Azərbaycan münasibətləri inkişaf edən xətt üzrə davam edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərini hansısa qurum və təşkilatlar deyil, iki ölkənin prezidentləri müəyyən edir. Fakt odur ki, hər iki ölkənin lideri münasibətlərin inkişafı üçün böyük səylər göstərir”.

Sonda deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın öz tarixi rolunu oynamasını gözləyir.


Müəllif: Cavad