12 Yanvar 2019 18:59
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın qəti mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yalnız Azərbaycan və Ermənistan arasında aparıla bilər. Prezident İlham Əliyevin bu mövqeyi kifayət qədər anlaşılan və dövlət maraqları baxımından ciddi mövqedir”.

Bu fikirləri Teleqraf.com-a politoloq Elçin Mirzəbəyli Nazirlər Kabinetinin sonuncu toplantısında Prezident İlham Əliyevin “Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur: danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparılmalıdır və aparılır” fikrini şərh edərkən deyib.

Siyasi şərhçi xatırladıb ki, 2019-cu ildə danışıqlar prosesi bərpa olunacaqsa və aparılacaqsa, Prezident Əliyevin son fikrini erməni tərəfi Azərbaycanın rəsmi və dövlət mövqeyi kimi qəbul etməlidir:

“Bu Azərbaycanın rəsmi mövqeyidir. Prezident tərəfindən açıq elan olunub ki, Ermənistanın bundan sonra da Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesinə cəlb etmək istiqamətində cəhdləri Azərbaycan tərəfindən sərt formada qarşılanacaq. Və ATƏT-in Minsk Qrupunun formalaşdırıldığı zamanı hansı format müəyyən edilibsə, danışıqlar bu formatda da davam etdiriləcək”.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan bundan əvvəl də eyni mövqeyini birmənalı şəkildə ifadə edib:

“Ortalıqda konkret reallıq var. Bu gün Dağlıq Qarabağda separatçı amil və qondarma rejim ona görə mövcuddur ki, bu ərazilər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmçinin təkcə Dağlıq Qarabağ deyil, onun ətrafındakı daha yeddi rayon işğal altındadır. Parodoksal olaraq Ermənistan Dağlıq Qarabağdakı 60 mindən çox olmayan erməninin təhlükəsizliyi adı altında daha yeddi rayonu işğal edərək bir milyon insanı evindən didərgin salıb. Təbii ki, işğal faktına Azərbaycanın səthi mövqeyi ola bilməz. Azərbaycan prezidenti hər zaman ölkənin ərazi bütövlüyü və milli maraqlarla bağlı məsələlərdə qəti mövqe nümayiş etdirib. Bu mövqe indi də qabarıq formada nəzərə çatdırılır”.


Müəllif: Cavad