13 Yanvar 2019 13:29
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, professor Musa Qasımlı Pezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda "Nəsimi İli" elan edilməsi ilə bağlı sərəncamını şərh edərkən maraqlı tarixi fakt açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, millət vəkili ölkə başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamda bir neçə məqama diqqət çəkib.

"Sərəncamda belə bir cümlə var: Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Bununla əlaqədar olaraq aşağıdakı bir neçə tarixi faktın maraqlı olacağına əminəm:
Birincisi, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir", - deyə millət vəkili vurğulayıb.

Musa Qasımlı qeyd edib ki, ikincisi, Heydər Əliyev Bakıya döndükdən sonra Nəsiminin tanıdılması, 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi məsələlərini gündəliyə gətirib :"Nəsiminin yubileyinin keçirilməsi barədə məsələ Azərbaycan KP MK Bürosunun 1970-ci il 27 mart, 1971-ci il 24 mart, 29 aprel, 23 iyul tarixli iclaslarında müzakirə edilir. Bundan sonra Heydər Əliyev Moskvaya, Sov. İKP MK-ya məktub yazır. Həmin məktubunda Nəsiminin şeirlərindən nümunə olaraq gətirilən misralar dörd dəfə Azərbaycan dilində verilib və rus dilində tərcüməsi də əlavə olunub. Məktubda xahiş edilirdi ki, Sov. İKP MK Nəsiminin yubileyinin ümumittifaq və ümumdünya miqyasında qeyd edilməsindən ötrü SSRİ Nazirlər Sovetinə müvafiq göstərişlər versin və yubiley komissiyası yaradılsın. Heydər Əliyevin məktubuna SSRİ Nazirlər Sovetinin Sədri A.N.Kosıginin imzası ilə qəbul olunacaq qərar layihəsi də əlavə olunur. Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı və alim Araz Dadaşzadə Azərbaycanın valyuta fondu hesabına Suriyaya ezam edilirlər. Onlar Nəsiminin məzarının vəziyyəti ilə tanış olurlar və bərpası məsələsini qaldırırlar. Heydər Əliyevin səyləri ilə məzar bərpa edilir. Nəsiminin portretini bərpa etmək üçün beynəlxalq müsabiqə elan edilir. Azərbaycan KP MK Bürosunun 1972-ci il 2 fevral, 1973-cü il 13 mart və 28 avqust tarixli iclaslarında həmin məsələ müzakirə edilir. Tədbirlər planı işlənib hazırlanır. 1973-cü ilin sentyabrında Azərbaycanda yubliyey toplantısı keçirilir. Yubileyə dünyanın 29 ölkəsindən alim və ədəbiyyatçı gəlir. Heydər Əliyev onları qəbul edir. YUNESKO-nun "Kuryer" jurnalında Nəsimi haqqında geniş məqalə dərc edilir, əsərləri ingilis, fransız və b. dillərə tərcümə edilir.
Üçüncüsü, söyləyəcəyim digər fakt İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan maneələrin Heydər Əliyev tərəfindən qətiyyətlə aradan qaldırılması ilə bağlıdır".

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı, xalq yazıçısı Mirzə İbrahimov Ali Sovetin 1978-ci il dekabrın 15-də açılan IX sessiyasındakı çıxış edib:

“... Heydər Əliyev yoldaşın əməyi, zəhməti, onun ilhamlı fəaliyyəti respublikamızın şərəfini artırır, Azərbaycan torpağının şərəfini, şöhrətini artırıb... mən 50 ilə yaxın partiya təşkilatı işlərində işləyirəm. Çox dramatik hadisələrin partiya həyatımızın tarixində çox fərəhli hadisələrin şahidi olmuşam. Mən deyə bilərəm ki, bu illər ərzində ədəbiyyatımız üçün, mədəniyyətimiz üçün çox çətinliklə həll etdiyimiz məsələləri Heydər Əliyevin dövründə çox asanlıqla, çoz ləzzətlə bizim üçün həll olunur. Mən sizə bir misal gətirmək istəyirəm. Biz Nəsiminin yubileyinə hazırlaşırdıq. Bilirsiz ki, Nəsimi Azərbaycan xalqının 600 il əvvəl feodalizm əsarəti zülmü içərisində xalqın iradəsini ifadə edən bir şəxsdir. Ancaq Nəsimi öz dövrünün övladı olaraq ziddiyyətlərə malikdir. Onun bəzi ziddiyyətlərindən istifadə edərək, ona qarşı bərk etiraz edənlərə rast gəldik və mən bir məktub almışdım, orada Nəsimiyə qarşı böyük etiraz var idi. Mənim o zaman ürəyim titrədi, görəsən Nəsiminin yubileyini batıracayıq, yoxsa keçirəcəyik. Lakin sevimli oğlumuz Heydər Əliyev yoldaş sinəsini qabağa verərək Nəsiminin heykəlini ucaltdı.
Yoldaşlar, biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq. Bu respublikada sükanı düz xətlə irəli aparmaq böyük istedad tələb edir".


Müəllif: Teleqraf.com