14 Yanvar 2019 16:07
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra qarşısına məqsəd qoyub: Dünya dövlətlərinə Krımı Rusiya ərazisi kimi tanıtdırmaq. Moskva 5 ildir bu məqsədə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Moskva bunun üçün ilk növbədə xarici ölkələrin siyasətçiləri və deputatlarının Krıma səfərlərini təşkil edir:

“Bəziləri Krıma səfər edirlər. Ancaq xarici ölkə siyasətçilərinin və deputatlarının əksəriyyəti Krıma getməkdən imtina edir.

İkincisi, Moskva Krımda müxtəlif beynəlxalq konfrans və seminarlar təşkil edir. Həmin tədbirlərdə iştirak edən şəxs Krımı Rusiya ərazisi kimi qəbul etmək məcburiyyətində qalır. Ancaq Moskva bu məsələdə də böyük nailiyyət əldə etməyib. Xarici ölkələrdən Krımdakı konfranslarda çox az nümayəndə iştirak edir.

Üçüncüsü, Moskva adi turistlərin də Krıma səfərlərini təşkil etməyə çalışır. Məsələn, bəzi xarici turizm şirkətləri ilə müqavilə bağlanır ki, onlar Krıma turlar təşkil etsinlər.

Dördüncüsü, Moskva bir sıra regional layihələrdə Krımın da iştirakına çalışır.

Beşincisi, Moskva Krımda istehsal olunan malları xarici ölkələrdə satışa çıxarmağa çalışır. Ayrıca, Krımı Rusiya ərazisi kimi göstərən atlaslar satışa çıxarılır”.

Elxan Şahinoğlu qeyd edib ki, Moskvanın növbəti planı Fars körfəzi və Xəzərlə Qara dəniz arasında nəqliyyat xətti yaratmaqdır:

“İrandakı limanlardan Krımdakı limanlara mal daşınması nəzərdə tutulub. Mallar İrandan Xəzər dənizindəki limana, buradan Volqa-Don çayı ilə Qara dənizə və Krıma çatdırılmalıdır. Moskva bu marşruta Azərbaycanın və digər dövlətlərin qoşulmasını da istəyir. Rusiya istəyir ki, bu marşrutla yalnız İran deyil, Azərbaycan və Yaxın Şərq ölkələrinin malları da daşınsın.

Azərbaycan bu təklifə razılaşa bilməz. Çünki bu halda Azərbaycan Krımı Rusiya ərazisi kimi tanımış olacaq. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycan bir başqa separatçı bölgə ilə əməkdaşlıq edə bilməz. Azərbaycan şimal (Rusiya) – cənub (İran) nəqliyyat dəhlizinin tərkib hissəsidir və dəmiryolunun fəaliyyətə başlamasını istəyir. Azərbaycan özü bu marşrutla Krıma mal daşınmasının əleyhinə olmalıdır.

Buna baxmayaraq, Rusiya bu dəmiryolunun bir hissəsini Krıma qədər uzatmağa çalışacaq. Bu, mümkündür. Rusiya 2018-ci ildə Krıma körpü çəkdi. Həmin körpüdən dəmiryolu da keçir. Yəni Moskva gələcəkdə şimal-cənub dəmiryolunun bir hissəsini Krıma qədər uzada bilər”.

Politoloq qeyd edib ki, şimal-cənub dəmiryolunun Krıma birləşdirilməsi Azərbaycanın təhlükəsizlik siyasətinə ziddir: “Çünki Azərbaycanın özü xarici şirkətlərin Dağlıq Qarabağla iqtisadi və ticarət əlaqələrinə qarşı çıxır və faktlara qarşı mübarizə aparır. Ona görə də rəsmi Bakı şimal-cənub dəmiryolunun Krımla əlaqəli hissəsində iştirak etməməlidir.

Şimal-cənub layihəsi Azərbaycan üçün 2 səbəbdən vacibdir. Birincisi, Avropadan və Rusiyadan mallar Azərbaycandan İrana və oradan da digər Şərq ölkələrinə çatdırılacaq. İkincisi, Şərq ölkələrinin və İranın malları Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu